Qubadlının Mahruzlu kəndində 190 ev inşa olunur - FOTO

Hazırda oxunan: Qubadlının Mahruzlu kəndində 190 ev inşa olunur - FOTO

237821

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən qurulan kəndlərdən biri də Qubadlının Mahruzlu kəndidir.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Mahruzlu kəndində həyata keçirilən tikinti işləri ilə maraqlanıb.

Qeyd edilib ki, Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, hazırda evlərdə bir çox işlər tamamlanıb: “Mahruzlu kəndində 190 fərdi yaşayış evindən 135-də artıq dam işləri yekunlaşıb. Evlərin 75 faizinin fasad izolyasiya və suvaq işləri icra edilib. Daxili mühəndis-kommunikasiya işləri də başlayıb. Mahruzlu kəndində insanların rahat və firavan həyat sürməsi üçün bütün zəruri infrastrukturun yaradılması nəzərdə tutulub”.

Kənddə tikilən evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlıdır. Bütün evlərin üzərində Günəş panelləri quraşdırılacaq. Evlərin inşasında xüsusi izolyasiya materiallarından istifadə edilir. Bu isə enerjiyə qənaət etməyə səbəb olacaq.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva deyib ki, Mahruzlu kəndinə qayıdacaq hər bir kənd sakininə gözəl ev tikilir: “Qubadlı rayonunun Mahruzlu kəndində evlərin inşasında müasir dövrün tələblərinə cavab verən tikinti materiallarından və texnologiyalardan istifadə olunur. Əsas məqsəd odur ki, kəndə köçən insanlar rahat, firavan yaşaya bilsinlər”.

Onun sözlərinə görə, hər bir evin həyətyanı sahəsi 12 sot təşkil edir. Həyətyanı sahədə bağ-bostan işləri üçün münbit torpaq təbəqəsi də yaradılacaq. Bundan başqa, hər bir evin həyətində yardımçı tikili də mövcuddur. Layihələndirmə işləri aparılarkən zəruri kommunikasiya xətləri ilə bərabər, ərazinin relyefi də nəzərə alınır və orada yağış, eləcə də sel sularının idarə olunması üçün tədbirlər görülür.

Mahruzlu kəndində qeyri-yaşayış obyektlərinin - məktəb binası, uşaq bağçası, inzibati bina və çoxfunksiyalı binanın tikintisi də nəzərdə tutulur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin