Mübariz Qurbanlının təklifinə Natiq Cəfərlidən CAVAB: “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!”

Hazırda oxunan: Mübariz Qurbanlının təklifinə Natiq Cəfərlidən CAVAB: “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!”

237486

Azərbaycanda pensiya fondunun baza hissəsi əmək haqqı alan, işləyən vətəndaşların sosial ödənişləri hesabına formalaşır. Ona görə də işləməyənlərin, xüsusilə, subyektiv səbəblərdən işləməyən qadınların pensiya fondunun formalaşması məsələsi daim müzakirə mövzusudur. Ötən həftə bu mövzuya toxunan Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik ili" çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği” adlı konfransda deyib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

O bildirib ki, bu yanaşmaya heç kim etiraz etməməlidir:

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əmək haqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.

Deputatın bu təklifi müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi bunun ədalətli olmadığı qənaətindədir. Lakin əgər mental səbəblərdən qadının iş, əmək hüququ əri tərəfindən əlindən alınırsa, onun bədəli necəsə ödənməlidir fikrini dəstəkləyənlər də var. Çünki bu qadının pensiya məsələsinə birbaşa təsir göstərir.

Bəs bunun mexanizmi necə olacaq? Bu təklif şəxsi həyata və şəxsi azadlığa müdaxilə kimi dəyərləndirə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, təklifin realizə olunması heç cür mümkün deyil:

“Kişinin öz həyat yoldaşını işləməyə qoyub qoymadığını necə təyin edəcəklər?! Sorğu yolu ilə, istintaq yolu ilə, necə?

Bunu müəyyənləşdirmək üçün ailədən soruşacaqlar və ailədə söz-söhbət olmasın deyə, xanım ərinin tərəfini saxlayaraq əri tərəfindən heç bir problemin olmadığını, iş tapa bilmədiyini deyəcək. Təklif qulağa xoş gəlir deyə, insanlar onun realizə olunma mexanizmi haqqında düşünmürlər”.

Ekspert hesab edir ki, evdar xanımların evdəki fəaliyyətini qanunvercilik səviyyəsində qəbul etmək lazımdır:

“Bizdə başqa bir yanaşmaya ehtiyac var, qanunvericilik səviyyəsində evdar xanımların da iş gördüklərini, əlavə dəyər yaratdıqlarını qəbul etmək lazımdır. Yəni evdar xanım evdə çalışdıqca əlavə dəyər yaratmış olur. Evinin təmizlik işləri məşğul olur, ailəsində müsbət atmosferi saxlayır və bunun nəticəsində hüzurlu ailələrdə sağlamlıq yaxşı olur, kişinin işi, uşaqların oxuması axsamır və s. Belə yanaşma daha məntiqlidir. Yoxsa necə müəyyən edəcəklər ki, kişi həyat yoldaşını işləməyə qoyur, yoxsa qoymur?! Bunun müəyyənetmə mexanizmi yoxdur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin