AZAL-ın bələdçisi Kadırovun mükafatından İMTİNA ETDİ

Hazırda oxunan: AZAL-ın bələdçisi Kadırovun mükafatından İMTİNA ETDİ

237198

Xəbər verdiyimiz kimi Çeçenistan lideri Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfüqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.

Maraqlıdır, bələdçilər həmin medalı qəbul edəcəklərmi?

Bizim.Media xəbər verir ki, bələdçi Zülfüqar Əsədov teleqraf-a açıqlamasında məsələni şərh edib.

"Biz uçduğumuz məkana sağ-salamat çatmalı və eniş etməli idik. Şokdayam, hələ də yaşadığımız o hadisədən nəticə çıxara bilmirəm. Niyə belə elədilər?! Bəli, bu haqda məlumatlıyam, Ramzan Kadırov tərəfindən mükafata layiq görülmüşük. Amma mən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm.

Səbəbi isə odur ki, onların səhvlərinin ucbatından günahsız 38 sərnişin həlak oldu. Mənə çox kədərlidir və mükafatı qətiyyən qəbul etmək istəmirəm və istəmərəm də. Bizə bu mükafat lazım da deyil. Cənab Prezident İlham Əliyev sağ olsun, bizi yüksək dəyərləndirib və lazımınca qiymət verib. Dövlət başçımız bizi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Amma yenə də deyirəm ki, heç vaxt Ramzan Kadırov tərəfindən təqdim edilən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm. Bizi uçduğumuz yerdə vurdular. Günlərlə düşünürəm ki, niyə belə etdilər?! İnsanların nə günahı var idi ki, onlar belə dəhşətli qəza nəticəsində vəfat etdilər. Bizim mülki təyyarəmizə atılan zərbəyə görə kədərlənirəm. Hələ də bu hadisənin təsirindəyəm", - bələdçi qeyd edib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin