Sabiq millət vəkili Ceyhun Osmanlı imzalanan bəyanatla bağlı qaranlıq qalan məsələlərə aydınlıq gətirib.
Bizim.media xəbər verir ki, o bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.
1. 10 Noyabr 2020-ci il niyə Zəfər günüdür?
Çünki Azərbaycanın ərazi bütövlüyü ilə bağlı uzun illər imzalanması mümkün olmayan, hətta bu günkü uğurlu şərtlərlə imzalanacağı ağla gəlməyən bəyannamə məhz bu gün imzalandı
Sual edirsiniz ki, bəs o zaman təmas xətti nədir?
Elə o sualdan başlayım ki, burada söhbət Azərbaycan əraziləri daxilində Azərbaycan və Ermənistanın ordusunun təmas xəttindən getmir. Çünki Ermənistan ordusu Azərbaycan ərazisini tərk edəcək. Artıq bu gün saat 07:00dan etibarən Ermənistan öz qoşunlarını çıxarmağa başlayır.
Təmas xətti deyərkən burada söhbət daha çox insanlar arasında təmasdan gedir ki, birgə yaşayarkən təhlükəsizlik maksimum təmin olunsun.
2. Sual verirsiniz ki, niyə görə Rusiya ordusu təhlükəsizliyin qarantı olmalıdır?
Cənab Prezident vurğuladı ki, bəyanatın 5-ci maddəsinə uyğun olaraq həm Rusiya, həm də Türkiyə tərəflərin öz öhdəliyinin icrasının monitorinqini həyata keçirəcək. Yəni hər hansı bir tərəf öz öhdəliyini yerinə yetirməsə Rusiya kimi, Türkiyənin də müdaxilə etmək imkanı olacaq.
Bu isə faktiki olaraq illər sonra ilk dəfə 2+2 yəni Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə formatının rəsmiyyətə düşməsi deməkdir.
3. Deyirsiniz ki, Paşinyan deyib ki, Artsax öz işinə davam edir.
Paşinyan qələt edib, başını da divara vurub. Hansı Artsax? İllər boyu ermənilər öz qondarma rejimlərini danışıqların tərəfi kimi sırımaq istəyirdilər. Siz boş danışıqlara yox, sənədə baxın. Sənəddə Artsax yoxdur və heç vaxt da ola bilməz.
Artsax iddiası ancaq Sarsaxların leksikonunda yaşamağa davam edə bilər. Normal adamlar üçün belə anlayış yoxdur.
4. Bu gün imzalanmış Bəyanatı bu günə kimi müzakirə olunan heç bir sənədlə müqayisə etməyin.
Çünki bu Azərbaycanın qalibiyyət sənədidir. İndi bu sənədi digər sənədlərlə müqayisə edəcəm.
İllər boyu danışıqlar gedirdi. ATƏT-in Minsk Qrupu yüzlərlə görüş keçirmişdi. Min bir əzab əziyyət, təzyiq, ikiüzlü yanaşmadan sonra bizi tam qane etməsə də Madrid prinsiplərinin üzərində dayanılmışdı.
Madrid prinsiplərini isə ermənilər pozdu və dedilər ki, bu ermənilərin maraqlarına uyğun deyil. Orada deyilirdi, ki, Dağlıq Qarabağa aidiyyatı olmayan 7 rayonun 5-ni qaytarırlar, 2 rayonu 5 il ərzində qaytarırlar, Laçın koridorunun statusu müzakirə edilir, Dağlıq Qarabağa isə Azərbaycan icması köçəndən sonra referendum keçiriləcək və Dağlıq Qarabağın statusu müzakirə ediləcək idi. Naxçıvana koridordan isə söhbət belə getmirdi.
Hətta bizim üçün belə ağır şərtlərə ermənilər razı olmurdu.
Bu gün isə nə baş verdi?
Dağlıq Qarabağa aidiyyatı olmayan 4 rayon işğaldan azad edilib (Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan), 3 rayonu da geri qaytarırlar (Laçın, Kəlbəcər, Ağdam) Yəni ətraf 7 rayonun məsələsi aydın oldu.
İndi isə Dağlıq Qarabağa aid olan 5 rayon barədə:
Dağlıq Qarabağ ərazisindən isə Şuşa işğaldan azad edilib. İndi Dağlıq Qarabağ ərazisindən Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə ilə bağlı suala cavab verəcəm. Xocalını da soruşursunuz amma Xocalı ayrıca rayon deyil. Xocalı Əsgəran rayonunda yerləşən inzibati mərkəzdir.
Bir qrup insan elə başa düşüb ki, sanki Xankəndi, Xocavənd, Əsgərən, Ağdərədə Ermənistan ordusu qalacaq.
Bu səhv anlayışdır. Ermənistan ordusu bu əraziləri də tərk edəcək. Ermənilərin də bu rayonlarda heç bir xüsusi statusu olmayacaq. Onlar Azərbaycan vətəndaşı olmaqdan zövq almalıdırlar.
5. Başqa bir önəmli məsələ də var ki, Azərbaycan qoşunları haradadırsa orada da dayanır.
Heç birimizə sirr deyil ki, qoşunlarımız Xankəndi, Xocavənd, o cümlədən Əsgəran və Ağdərəyə nəzarət edirlər. Bəyanata əsasən onların öz yerində qalıb bu nəzarəti davam etməsinə əngəl yoxdur. Ermənistan qoşunları isə oraları tərk edir.
6. Cənab Prezident dedi ki, Dağlıq Qarabağ erməniləri üçün heç bir status müzakirə mövzusu deyil.
Bu o deməkdir ki, Dağlıq Qarabağ üçün xüsusi muxtariyyət nəzərdə tutulmayıb. Yəni Xankəndinin statusu da Bərdə vəya Tərtərdən fərqlənməyəcək. Sadəcə reallıq ondan ibarətdir ki, bu şəhərlərdə yaşayan ermənilər az olmayıb.
Xüsusilə də Xankəndidə erməni əhalisi çoxluq təşkil edib və beynəlxalq hüququn və konstitusiyamızın tələblərinə uyğun olaraq biz onları oradan qova bilmərik (belə niyyətimiz də olmayıb) və onlara Azərbaycan qanunlarının verdiyi bütün imkanlardan faydalanmasına şərait yaratmalıyıq.
Əlbəttə kim Azərbaycan pasportunu qəbul etmək istəməsə dünyanın istənilən ölkəsinə yolu açıqdır.
7. Şəxsən məni bu aralar ən çox düşündürən məsələlərdən biri o idi ki, Xankəndinə Azərbaycan ordusu girsə idi yəqin ki, ermənilər artıq müxtəlif provokasiyalar hazırlamışdı.
Məsələn yerli əhalidən 40-50 nəfəri özləri qırıb atardılar Azərbaycan ordusunun üstünə. Sonra da qoyma-haray salıb ikinci Sumqayıt səhnəciyi qura bilərdilər. Ona görə də belə məsələləri nəzərə alaraq müşahidəçilərin müşayiəti ilə ora girmək bəlkə də daha məsləhətlidir.
8. Soruşursunuz ki, Rusiya sülhməramlıları gəlməsə olmazdımı?
Gəlin səmimi olaq. Əgər biz Ali Baş Komandana güvəniriksə və düşünürüksə ki, O bu mövzulara bizdən daha çox hakimdir və O da bunu uyğun hesab edibsə demək ki, bu anda gəlməlidir.
Unutmayaq ki, dünyanın ən qəliz düşməni ilə müharibə aparırıq. Sizlər də sual verirsiniz ki, birdən ermənilər şərtləri pozdu... Bax elə həmin məqamda V.Putin ora imza atan tərəflərdən biri kimi öz imzasının ağırlığını xatırlatmalıdır.
Həm də Rusiya daha çox patrul funksiyası yerinə yetirəcək və Qarabağa ağır silahlarla gəlməyəcək. Həm də unutmayaq ki, Rus sülhməramlıları Rusiya ordusu vəya Rusiya Hərbi Bazası anlamına gəlmir. Tam fərqli anlayışlardır.
9. Laçın Koridorunun isə heç bir xüsusi statusu olmayacaq.
Bu koridor Azərbaycan ərazisidir. Sadəcə ermənilərin Dağlıq Qarabağdan Ermənistana və əksinə təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Burada qeyri-adi heç nə görmürəm, çünki onsuz da Azərbaycanın bu koridoru ermənilərin üzünə bağlamaq kimi bir niyyəti yox idi.
10. Naxçıvanla gediş-gəliş koridorumuzun olması və Rusiyanın bunu qoruması və zəmanət verməsi isə regional əhəmiyyətli bir uğurdur.
Bu yoldan tək biz yox bütün region faydalanacaq. Bu yol Türkiyə ilə Azərbaycanı, eyni zamanda Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq.
Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq. Bu uğuru da tarixi zəfər adlandırmaq olar.
Yuxarıda qeyd etdiyim kimi 10 Noyabr 2020-ci il Azərbaycan tarixinin ən parlaq günlərindən biridir.
Bizlər zəfər tarixinin şahidləriyik. Ürəyimiz iftixar hissi ilə doludur. Məğlub millət olmağın kompleksindən azad oluruq. Qalib millət kimi yeni öz güvən qazanmışıq.
Bu günlər bizə böyük çətinliklər və fədakarlıqlarla başa gəldi.
Ən böyük fədakarlığı şəhidlərimiz edib. Onların ruhu və onların ailələri qarşısında baş əyirəm.
Şanlı Azərbaycan Ordusu və Ali Baş Komandanımıza, onların bütün tərəfdaşları və silahdaşlarına isə sonsuz təşəkkür və ehtiramımı bildirirəm.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı!
Zəfər gününüz mübarək!".
Bizim.media
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 10.11.2020
C.Osmanlı: “Niyə Rusiya ordusu təhlükəsizliyin qarantı olmalıdır?”
Hazırda oxunan: C.Osmanlı: “Niyə Rusiya ordusu təhlükəsizliyin qarantı olmalıdır?”
Hazırda oxunan: C.Osmanlı: “Niyə Rusiya ordusu təhlükəsizliyin qarantı olmalıdır?”
2371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.