Son illərdə Azərbaycanda küçələrdə siqaret çəkməyin qarşısını almağa yönələn qanunvericilik təşəbbüsləri müzakirə mövzusu olub. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun 29 dekabr 2017- ci ildən qüvvəyə minib. Küçələrdə və ictimai yerlərdə siqaret çəkənlərə 300 manat cərimə tətbiq olunması qərara alınıb. Lakin görünən odur ki, bu qanun hələ də tam şəkildə tətbiq olunmur və küçələrdə, dayanacaqlarda, parklar və insanların sıx toplaşdığı məkanlarda siqaret çəkən insanların sayı getdikcə artır.
Bəs, niyə bu qanun işləmir? Tütün məmulatlarından istifadəyə tətbiq edilən qadağaya niyə məhəl qoyulmur?
Cəmiyyətdə bu yöndəki fikirlər haçalanır. Bəziləri qanunun icrası ilə bağlı resursların çatışmadığı, bəziləri isə bunun səbəbini məhz insanların mədəniyyəti ilə əlaqələndirir. Hələ də geniş kütlə arasında siqaretin ictimai məkanda çəkilməsi normal bir hal kimi qəbul edilir. İnsanlar, xüsusilə sıx toplaşan məkanlarda, siqaret çəkənləri görürlər, amma cəmiyyətdə qəbul olunduğunu düşündükləri üçün etiraz etmirlər.
Mövzu ilə bağlı hüquqşünas Anar Qasımlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu istiqamətdə nəzarət və xəbərdarlıq aşağı səviyyədədir.
O, qeyd edib ki, sözügedən məsələ çox ciddi problemlərdən biridir:
“Həqiqətən də görünən odur ki, tütündən qadağan olunmuş yerlərdə istifadəyə görə, habelə tütün tullantılarının atılmasına görə məsuliyyət müəyyən edən qanunvericiliyin tələblərinə riayət olunmur. Çox güman ki, bu daha çox əməkdaş cəlb olunması zərurətindən irəli gəlir.
Xatırlayırsınızsa, bir vaxtlar şəhərdə piyadaların yolu ancaq piyada keçidlərindən keçməsi üçün ciddi nəzarət vardı. Hazırda demək olar ki, bu da yoxdur. Amma insanlar əksər hallarda piyada keçidlərindən istifadə edirlər. Çünki hazırda ciddi faktiki nəzarət olmasa da, insanların şüurunda qalıb ki, cərimə oluna bilərlər. Ona görə də, piyada keçidlərindən istifadə edirlər”.
A.Qasımlının fikrincə, tütün məmulatlarından istifadəyə və tullantıların küçəyə atılmasına da ciddi nəzarət olmalıdır:
“Reydlər keçirilməlidir. Bir müddət mütəmadi nəzarət olunarsa, bu insanların şüuruna ciddi təsir göstərər və belə neqativ hallar aradan qalxar. Bu addımlar atılmadığı təqdirdə, küçələrdə siqaret çəkmə vərdişi hələ uzun müddət davam edə bilər”,- deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 01.03.2025
İctimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ – Reydlər BAŞLAYIR?
Hazırda oxunan: İctimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ – Reydlər BAŞLAYIR?
Hazırda oxunan: İctimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ – Reydlər BAŞLAYIR?
237025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.