On min nəfərdən çox əhalisi olan Şəkinin ucqar Kiçik Dəhnə kəndində uşaq bağçası qəzalı vəziyyətdədir. Bu səbəbdən illərdi ki, körpələr evi-uşaq bağçası uyğunlaşdırılmış binada daha doğrusu, şadlıq evində fəaliyyət göstərir.
Bəli, yanlış eşitmədiniz, uşaq bağçasının sakinləri şadlıq evinə sığınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlər illərdir ki, müvafiq təşkilatlara yeni standartlara uyğun bağçanın inşası barədə müraciətlər ünvanlasalar da, hələlik bir nəticəsi yoxdur.
Hazırda qəzalı olan uşaq bağçası əvvəlllər kənd sakinlərindən birinin mülkü olub. Sonradan kənd məktəbi bu binada yerləşib. Daha sonra uşaq bağçasına verilib.
İllərlə fəaliyyət göstərsə də, nə təmir olunub, nə də….
Artıq 11 ildir qəzalı olduğundan bağça fəaliyyətini dayandırıb. Bu səbəbdən müvafiq qurumun və valideynlərin razılığı ilə müvəqqəti olaraq kənddəki şadlıq evi bağçaya icarəyə verilib. Sakinlərə bildirilib ki, tezliklə yeni bağça inşa olunacaq. Lakin nə bağça tikən var, nə də köhnəsini bərpa edən. Sakinlərin sözlərinə görə şadlıq evindəki bağçanın da vəziyyəti ürəkaçan deyil. Öyrənirik ki, hazırda burada 40 uşaq tərbiyə alır.
Sakinlər bildirir ki, indi anaların əksəriyyəti müxtəlif sahələrdə işləyir. Bu səbəbdən uşaqlarını məcburən bağçaya göndərirlər. Kənd sakini Səmayə Mahmudovanın sözlərinə görə onun 4 övladı məhz indi qəzalı olan bağçada tərbiyə alıb. Nəvələri isə şadlıq evinə gedir. Kənd sakini həmin yeri məcburiyyətdən seçdiklərini, onlara tezliklə yeni bağça tikiləcəyi vədi verildiyini deyir.
Qadın indiki bağçanı şəraitsiz “qazma”adlandırır:
“12-13 min əhalinin bağçası yoxdur. Qəzalı vəziyyətdədir. Ona görə bələdiyyə və kənd soveti ilə razılaşıb “qazma”-(tövlə mənasına gəlir-red) kimi bir yerə yerləşdirmişik. Yəni uşaqlar bağçaya getsinlər, işçilər də çörəksiz, işsiz qalmasınlar deyə... Əfsuslar ki, verilən vədlər yaddan çıxır”, - deyən Səmayə Mahmudova verilən vədlərə daha inanmadığını bildirir. O, qeyd edib ki, ötən 11 ildə bir deyil, bir neçə bağçanın pulu icarə haqqı kimi ödənilib, silinib. Həmin vəsaitlər hesabına gözəl bağça inşa etmək olardı.
Kiçik Dəhnə kənd sakini Məhəbbət Bədəlovun qızı işlədiyindən məcburən nəvəsini bağçaya gətirir. O, yeni bağçaya zərurət olduğunu qeyd edib:
“Biz də digər kənd sakinləri kimi sivil, müasir bağçanın olmasını istəyirik. Müvafiq qurumlar bizim bu qayğımıza biganə yanaşmasınlar”.
Qəzalı bağçaya baxış keçirəndən, vəziyyəti yerində görəndən sonra elə Səmayə nənə ilə birlikdə onun “qazma” adlandırdığı uşaq bağçasına-hazırkı şadlıq evinə yollanırıq. Gəlişimizi bilən kimi qapılar üzümüzə bağlanır. Bağçanın direktoru ilə görüşmək istəyimiz baş tutmur.
Məlum olur ki, direktor işdə yoxdur, “xəstədir”. Direktorun telefonla işçilərinə qapını bağlayıb bizləri içəri buraxmamasını təkid edəndə anlayırıq ki, uyğunlaşdırılan binada körpələrə yaradılan şərait əlbəttə ki ürəkaçan deyil.
Direktorun 40 körpəni heç bir şəraiti olmayan bir şadlıq evində bəsləmək, onlara tərbiyə vermək nə dərəcədə doğrdurdur? Görəsən direktor xanım uşaqların fiziki və mənəvi sağlamlığına özünü nə dərəcədə məsul hesab edir?
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Şəki rayon Kiçik Dəhnə kənd uşaq bağçasının binasının maddi-texniki bazası mövcud standartlara cavab vermədiyi üçün 2014-cü ildən etibarən hüquqi şəxsə məxsus olan boş binaya köçürülüb. Hazırda təhsil müəssisəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə həmin hüquqi şəxs arasında bağlanmış müqavilə əsasında burada fəaliyyətini davam etdirir. Məktəbəqədər təhsil müəssisəsinin binasının sökülərək yenidən tikilməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Məlumatda o da qeyd edilib ki, ötən il bölgədə 7 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılıb. Cari il ərzində isə 20 məktəbəqədər təhsil müəssisəsinin təmiri nəzərdə tutulub və bu proses hazırda davam etdirilir.
Bax belə, indi Kiçik dəhnəlilər öz növbələrini gözləməlidirlər. Növbənin isə nə zaman çatacağını bilən yoxdu...
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 28.02.2025
Şəkidə uşaq bağçası şadlıq evinə SIĞINIB – 11 ildir qəzalı bina YENİLƏNMİR – ŞİKAYƏT/FOTO
Hazırda oxunan: Şəkidə uşaq bağçası şadlıq evinə SIĞINIB – 11 ildir qəzalı bina YENİLƏNMİR – ŞİKAYƏT/FOTO
Hazırda oxunan: Şəkidə uşaq bağçası şadlıq evinə SIĞINIB – 11 ildir qəzalı bina YENİLƏNMİR – ŞİKAYƏT/FOTO
236991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.