Bu gün, Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin doğum günüdür.
Bizim.Media xəbər verir ki, Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvarda anadan olub.
O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.
Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.
Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.
Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib. Hikmət Mirzəyev 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib. 2024-cü il noyabrın yeddisində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-polkovnik rütbəsi alıb.
Hikmət Mirzəyev adını tarixə “Şuşa fatehi” kimi yazdırıb.
Bizim.Media