Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı Elvin Nuriyev itkin düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun sonuncu dəfə Kursk vilayətində gedən döyüşlərdə olduğu bildirilir.
Ailəsinin verdiyi məlumata görə, sonuncu dəfə yanvarın 20-də PUA hücumu nəticəsində onların mövqeyində ağır itkilər olub. Həmin gündən sonra Elvinlə əlaqə tamamilə kəsilib.
Əslən Lənkərandan olan 1989-cu il təvəllüdlü Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək burada yaşayıb. On il əvvəl Rusiya Federasiyasına gedib və Tabolsk şəhərində məskunlaşıb. Rusiya vətəndaşlığını aldıqdan üç ay sonra müharibəyə aparılıb.
O, ailəlidir və iki övladı var. Ailəsi onun taleyi ilə bağlı hər hansı bir məlumat əldə etmək üçün axtarışlarını davam etdirir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu