Mühafizəçiyə istənilən cəza Ağadadaş Ağayevə istəniləndən ağır oldu

Hazırda oxunan: Mühafizəçiyə istənilən cəza Ağadadaş Ağayevə istəniləndən ağır oldu

236904

Bu gün Binəqədi Rayon Məhkəməsində xalq artisti Ağadadaş Ağayevə və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub.
 

İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.


Fevralın 27-də hər iki şəxsin işi üzrə məhkəmə proseslərində prokurorlar çıxış edib. Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayevin Cinayət Məcəlləsinin 221-ci - xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.

Prokuror ittiham nitqinin davamında bildirib ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun. Ağadadaş Ağayevin balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzaladığı nəzərə alınıb.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva zərərçəkən qismində tanınıblar.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu. Bu prosesdən az sonra hakim Elçin Ağayevin sədrliyi ilə mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə proses davam etdirilib.

Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə prokuror çıxış edib. Bildirib ki, Nurəddin Cəlilova verilmiş ittiham məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb. Prokuror Nurəddin Cəlilovun təqsirli bilinməsini və barəsində 2 il 6 ay şərti məhkum etmə cəzası təyin olunmasını istəyib.

Proses martın 6-da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin