Mərmərlə üzlənmiş SƏKİLƏR – Qarlı havada piyadaların xəstəxanalıq edilməsinin GÜNAHKARI hansı QURUMDUR?

Hazırda oxunan: Mərmərlə üzlənmiş SƏKİLƏR – Qarlı havada piyadaların xəstəxanalıq edilməsinin GÜNAHKARI hansı QURUMDUR?

236834

Son günlər müşahidə olunan qarlı hava şəraitində xeyli xəsarət alanlar oldu. Onların əksəriyyəti buzlaşan yollarda hərəkətin çətinləşməsi səbəbindən sürüşərək xəsarət alıblar. Bununla əlaqədar olaraq sosial şəbəkələrdə paytaxtın bəzi yeraltı keçidlərində, pilləkənlərində, səkilərində, o cümlədən, obyektlərin qarşısındakı döşəmələrdə istifadə olunan mərmərlər barədə narazılıqlar artıb. Çünki belə döşəmələr qarlı,  yağışlı havalar üçün müvafiq deyil və insanların sürüşməsinə birbaşa təkan verən səbəbdir.

Bizim.Media xəbər verir ki belə yerlərdən biri də “Azneft” dairəsi, Bakı Bulvarına doğru olan yeraltı keçiddir. Vətəndaşlar şikayət edirlər ki,  bu keçidin döşəməsi sürüşkən, hamar səthdə olduğu üçün qarlı, yağışlı havada buradan keçmək xeyli riskli və çətindir. Bundan əlavə paytaxtın digər mərkəzi yollarında, o cümlədən Füzuli küçəsində yerləşən keçid və parkların da döşəmələri sürüşməyə meyilli materiallardandır.

Bizim.Media memar Cahid Həsənovun mövzuyla bağlı fikirlərini öyrənib.

Memar vurğulayıb ki, piyada keçidlərində, səkilərin və s. döşəmələrində yanmış qranit materialından istifadə etmək lazımdır. Çünki o yandırıldığı üçün hamar olmur, bu da sürüşməyə səbəb olmur.

“Yanmış qranit materialı istehsal edən müxtəlif yerli sexlər var. Hamar səthlər isə parlaq, vizual baxımdan yaxşı və qiyməti baha olsa belə, qarlı, yağışlı hava şəraitində sürüşkən olur. Ümumiyyətlə, obyektlərin qarşısında, pilləkənlərində hansı material daşlardan istifadə olunması qaydalarla tənzimlənməlidir. Hamar səthi olmayan, sürüşkənlik yaratmayan materiallara icazə verilməlidir”.

Memar deyir ki, sürüşməyə səbəb olan, hamar səthli mərmərlərdən o zaman istifadə oluna bilər ki, onun altında döşəməaltı istilik sistemi qurulsun, bu isə çox baha başa gəlir.

“Çünki döşəməaltı istilik döşəmənin üstündə su saxlamır, quruluq olur.  Sadəcə boş daşı düzmək isə yağışlı, qarlı havada ciddi fəsadlara səbəb ola bilər”.

Cahid Həsənov onu da vurğulayıb ki, qarlı havalarda bütün səkilərdə, keçidlərdə, obyektlərin qarşısında sahibkarlar ümumi iməcliyə qoşulmalıdırlar ki, döşəmələrdə qar qalmasın.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinə sorğu ünvanlasaq da, hər iki qurumdan saytımıza cavab verilməyib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin