Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyaların alınması və quraşdırılması üçün bir milyon manatdan artıq vəsait xərcləyəcək. Bununla bağlı artıq tender elan olunub.
Sifarişçinin tələblərinə görə konstruksiyalar paslanmayan metaldan (nikel) olmalı və paslanmamasına 2 illik zəmanət verilməlidir. 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik). Toplamda isə 1.000 konstruksiyanın alınması planlaşdırılır. Tenderin ehtimal oluna qiyməti 1.114.999,70 manatdır.
Nəzərə alaq ki, ötən dövr ərzində Bakının müxtəlif küçə və prospektlərində 80 kilometrdən artıq velosiped zolaqları salınıb. Amma bu zolaqlarda çox nadir hallarda velosipedçiyə rast gəlinir.
Ekspertlər hesab edir ki, velosipeddən istifadənin təşviqi lazımı səviyyədə deyil.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, paytaxtın müxtəlif küçə və prospektlərində velosiped zolaqları salınıb:
“İndi də velosipedlər üçün xüsusi parkinq sahələrinin salınmasına başlanılır. Bu, təqdiredilməli məsələdir. Amma bir məsələ var ki, salınan bu zolaqlardan istifadə istənilən səviyyədə deyil. Çox nadir hallarda zolaqlarda velosipedlərin hərəkətini görürük. Halbuki, həm zolaqların, həm də parkinqlərin yaradılmasına xeyli vəsait xərclənir. Üstəlik, bu layihə şəhərin ekoloji təmizliyinə və insanların fiziki sağlamlığına xidmət edir.
Lakin layihələrin təşviqi istənilən səviyyədə deyil. Yaxşı olar ki, təbliğat-təşviqat məsələsi önə çəkilsin. İnsanlarda velosipedlə hərəkət etməyə maraq güclənsin. Hər kəs işə, dərsə və digər yerlərə velosipedlə gedib-gəlməyə həvəsli olsun. Əminəm ki, təbliğat işi nə qədər güclənsə, paytaxtımızda velosipeddən istifadə edənlərin sayı bir o qədər çox olar. Bax, o zaman hədəfə çatmış olarıq”.
Mövzu ilə bağlı AYNA-ya sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Velosiped və sketerlərə artan marağı, eyni zamanda bu nəqliyyat növünün istifadəsinin sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, ekologiyanın qorunması, əlçatan və rahat şəhər mühitinin təmin edilməsi və şəhərin müasir imicinin qorunub saxlanılması baxımından vacibliyini nəzərə alaraq bu istiqamətdə müxtəlif təşviqat tədbirləri həyata keçirilir. Velosiped yürüşlərinin təşkili, federasiyalarla əməkdaşlıq, təhsil ocaqlarında seminarların təşkili, KİV-lərdə və sosial şəbəkə kanallarında çoxsaylı məlumatlar maarifləndirmə kampaniyasının tərkib hissəsidir.
Mikromobillik zolaqları salınandan, infrastruktur qurulandan mikromobillik vasitələrindən istifadə üzrə statistika daimi şəkildə izlənilir.
Göstəricilərə əsasən, mikromobillik vasitələrinə aylıq 220 000-ə yaxın sifariş olunur. Aylıq olaraq 100 min - 120 min şəxs velosiped və skuterləri sifariş edir. yaxın məsəfələrə səfərlər üçün ən optimal vasitə hesab olunan velosiped və skuterlərin kirayələnməsi xidməti istifadəyə verilən 5 ay ərzində 992 644 sifariş olub. Bu da 569 380 nəfər unikal istifadəçi deməkdir. Sentyabr-yanvar aylarında ümumilikdə mikromobillik vasitələri ilə 2,5 milyon km yol qət edilib”.
Surxay Atakişiyev, Bizim.Media