Xocalı soyqrımında erməni cəlladlarının heç kimə, hətta uşaq, qoca, cavan, bir sözlə hamıya divan tutduqlarını hər birimiz bilirik. "Uf"demədən qarşılarına keçən hər kəsi vəhşicəsinə qırıb olmazın işgəncə veriblər. Bu faciədə böyüklərlə yanaşı uşaqlar da ciddi travmalarla üzləşiblər.
Bizim.Media-nın müsahibi hazırda Zaqatala rayonunda məskunlaşan, soyqırım günü 10 yaşında olan, 8 yaşlı bacısı gözünün önündə öldürülən və onu tək qoymayaraq meşədə günlərlə ac qalan Elşad Tofiq oğlu Zeynalovdur.
Qışqırıq səslərindən qulaq batırdı...
Elşad Zeynalov illər keçməsinə baxmayaraq hadisəni danışdıqca eyni hissləri yaşadığını, baş verən dəhşətlərin gözləri önündə kino lenti kimi canlandığını deyib:
“1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə idi. Dəhşətli güllə səsləri eşidilməyə başladı. Hərbçi əmim xəbər verdi ki, tanklar kəndimizi mühasirəyə alıb. Atam bizi götürüb kəndə çıxanda qışqırıq səslərindən qulaq batırdı. Bir az irəli gedəndə qan içində meyitlərə rast gəldik. Elə bu vaxt atama kimsə dedi ki, əmimi ermənilər vurdular. Atam bacımı anamın belinə bağlayıb geri qayıtdı. Anamla biz, uşaqlar, qadınlar sürünə-sürünə meşəyə doğru qaçmağa başladıq. Yanımızda Bakıdan gələn Aqil adlı yaralı oğlan var idi. Camaatımız ona kömək etmək istəyəndə bir neçəsi orada vuruldu. Bir müddətdən sonra həmin oğlan da dünyasını dəyişdi”.
Bacım can verib öldü...
Elşad uşaq olsa da həmin vaxt böyük stress və dəhşət yaşadığını, addımbaşı meyitlərə rast gəldiyini, elə bu səbəbdən də qaça bilmədiyini ürəkyanğısı ilə xatırlayıb. Ən dəhşətlisi isə 8 yaşlı bacısının gözləri önündə can verməsi olub:
“Bacım anamın kürəyində idi. O, anamdan su istədi. Elə bu vaxt onu vurdular. Bacım düşməsin deyə əlini kürəyinə aparanda anam görüb ki, əlindən qan axır. Sən demə anamın da əlinin yarısını güllə dağıdıbmış. Dərhal bacımı açıb yerə qoydu. Bacım can verib öldü. Bu vaxt güclü atışma başladı. Mən bacımı tək qoymamaq üçün yanında oturdum. Başımı qaldırıb baxanda gördüm ki, heç kim yoxdur. Bizlə gedən çox insanı elə yerindəcə güllələdilər. Elə bu vaxt ayaqlarından yaralanan bir qoca qadın mənə bacımın öldüyünü, durub qaçmasam məni də öldürəcəklərini söylədi. Bir müddət bacımın başının yanında dayandım. Bacımdan səs çıxmadığını və nəfəs almadığını görüb getməyə çalışdım. Ayağımda ayaqqabı yox idi. Ayaqlarım donmuşdu, hərəkət edə bilmirdim. Özümdə güc toplayıb yeriməyə başladım”.
“Onsuz da o, bu meşədə sağ qalmayacaq...”
10 yaşlı uşaq üçün dəhşətlər bununla bitmir. O, başqa ağlasığmaz cinayətlərin də şahidi olur. Bir neçə gün meşədə təkbaşına qalan müsahinimiz ayaqda qalmağı bacarır:
“Geri baxanda gördüm ki, yaralıları da təkrar gülələyirlər. Bir qadın yaralı idi, onu da yenidən vurdular. Qaçmağa başladım Biraz qabağa gedəndə gördüm ki, qonşumuzda Valeh adında oğlanı və Səadət adında həyat yoldaşını ermənilər əsir götürüb. Hər ikisi yaralı idi. Gəlin 8 aylıq hamilə idi. Həyat yoldaşının gözləri önündə hamilə qadını sürüyə-sürüyə apardılar. Elə bu vaxt ermənilərdən biri məni gördü və vurmaq istədi. Digər erməni öz dilində ”vurma onsuz da, bu meşədə sağ qalmayacaq”-dedi. Valehi əsir götürdülər. Biraz irəlilədikdən sonra gördüm ki, kəndimizdən olan bir ailənin hamısını qırıb, meyitləri yan-yana yığıblar. Yol gəldikcə dəhşətə gəlirdim. Bir yanda meyitlər, bir yanda zarıyan yaralılar... 5 yaralı yol gedə bilməyib yolda qalmışdılar”.
Möcüzə şəklində sağ qalır...
Elşad günlərlə ac-susuz, bir köynəkdə, ayaqyalın meşədə qalır və möcüzə şəklində sağ qalır. Söhbət zamanı bildirir ki, əynindəki kurtkasını çıxarıb bacısının üstünə salır. Elə zənn edir, bacısı üşüyə bilər. Bir neçə gündən sonra gəlib Ağdam rayonuna çatır və orada doğmalarını tapır...
Elşad bu faciədə təkcə bacısını deyil, ailəsindən çoxunu itirir. Qeyd etdiyimiz kimi həmin gecə onun atası Tofiq kişi qardaşı üçün geri dönür. Amma tapa bilmir. Geri qayıdanda ermənilərin əlinə keçir. Bu zaman Tofiq kişinin balaca qardaşı Nadir bunu görür və erməniyə güllə atır.
Tofiqin gözləri önündə qardaşını güllələyirlər. Müsahibimizin sözlərinə görə atası və iki əmisindən bu günə qədər xəbər yoxdur. Anası da iki il öncə dünyasını dəyişib. Demək olar ki, ailəsində heç kim qalmayıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:18 / 26.02.2025
Bacısı gözünün önündə öldürüldü, möcüzəvi şəkildə sağ qaldı - Xocalı şahidindən QANDONDURAN AÇIQLAMA – FOTO
Hazırda oxunan: Bacısı gözünün önündə öldürüldü, möcüzəvi şəkildə sağ qaldı - Xocalı şahidindən QANDONDURAN AÇIQLAMA – FOTO
Hazırda oxunan: Bacısı gözünün önündə öldürüldü, möcüzəvi şəkildə sağ qaldı - Xocalı şahidindən QANDONDURAN AÇIQLAMA – FOTO
236642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.