Xəbər verildiyi kimi iki gün əvvəl Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
15 nəfər halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib. Zəhərlənən şəxslərin kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşdikləri qeyd olunur. Səbəb isə dəm qazı olub.
Bəs, yas məclisində dəm qazından kütləvi zəhərlənmə necə və hansı şəraitdə baş verib
Bizim.Media hadisə ilə bağlı təfərrüatları öyrənib.
Bərdə rayonu, Həsənqaya kənd bələdiyyəsinin sədri Mayıl Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə yas məclisi keçirilən evdə baş verib:
“Dəm qazı İran sobasından yaranıb. Ev sahibi yas məclisindən əvvəl təmizlik işləri aparıb və özlərinin də xəbəri olmadan sobanı yerindən tərpədiblər. Bu zaman sobanın arxasındakı boru yerindən çıxıb. Elə dəm qazı da otaqda o səbəbdən yaranıb. Xoşbəxtlikdən ölüm halı baş verməyib. Şükür ki, zəhərlənənlərin də vəziyyəti yaxşıdır”, - deyə bələdiyyə sədri qeyd edib.
Alçina Amilqızı, Bizim.Media