Fermerlərə MÜJDƏ: Bu il məhsuldarlıq YÜKSƏK OLACAQ

Hazırda oxunan: Fermerlərə MÜJDƏ: Bu il məhsuldarlıq YÜKSƏK OLACAQ

236448

Artıq 5 gündür ki, ölkə ərazisində qarlı-şaxtalı hava hökm sürür. Və belə soyuqların daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Belə havaların faydası varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan aqronom Qəhrəman Qəhrəmanov deyib ki, şəhər infrastrukturunda və yollarda müəyyən narahatlıq yaratsa da, qışın qarlı və şaxtalı keçməsinin faydası böyükdür:

“Əslində, qışın sərt keçməsi şəhər üçün də faydalıdır. Çünki qış sərt keçəndə isti yay günlərində ağcaqanad daha az olur. Belə hava əkinə-biçinə can verir. “Qar torpağın yorğanıdır” deyirlər.

Yəni qış aylarında qar nə qədər çox yağsa, torpaq bir o qədər bərəkətli olar. Qar torpağı münbitləşdirir, üst qatdakı çöküntüləri və qırıntıları minerala çevirir. Xüsusən də, şuma can verir.

Uzun müddətli qardan sonra şum “quzulayır”, yəni yumşalır və münbitləşir. Bu da yaz əkinlərində məhsuldarlığa təminat yaradır.

Bundan əlavə, davamlı qar taxıla çox faydalıdır. Qar örtüyü həm zəminin suya olan ehtiyacını ödəyir, həm də torpağın üst qatındakı ziyanvericiləri məhv edir. Qar az yağanda mart ayında gəmiricilər taxıl əkininə ciddi ziyan vurur. Eyni zamanda, quraqlıq problemi aradan qalxır. Ona görə də demək olar ki, bu mövsüm taxılçılıqda məhsuldarlıq yüksək olacaq”.

Müsahibimiz onu da əlavə edib ki, qarlı-şaxtalı hava ağacları və kolları sağlamlaşdırır:

“Soyuq aylarda bəzi ziyanverici həşaratlar ağacların gövdəsində, qabıqların altında gizlənirlər. Amma qarlı-şaxtalı havada həmin ziyanverici həşaratlar məhv olur. Bunun hesabına yaz aylarında ağacların barlanmasına dəyən ziyan minimuma enir. Ona görə də qarlı-şaxtalı havaların uzun sürməsi bu ilin daha məhsuldar olmasının xəbərçisidir.

Nəzərə alaq ki, son 2 ildə yanvar-fevral ayları xeyli quraq keçdi. Nəticədə, kənd təsərrüfatı bundan böyük ziyan gördü. Ziyansa həm gəmiricilərdən, quraqlıqdan, həm də aprel-may aylarının çox yağıntılı olmasından yarandı. Ona görə də bu günlərdə daha çox yağıntının düşməsi həm də yazın mülayim və əlverişli keçməsindən xəbər verir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin