Ağ örpəkli Qaxdan xüsusi REPORTAJ - FOTO

Hazırda oxunan: Ağ örpəkli Qaxdan xüsusi REPORTAJ - FOTO

235995

El arasında belə bir məsəl var: “Gec olar, güc olar”.

Şəki-Zaqatala bölgəsinə dörd aydan sonra yağan qar indi hamıya həmin məsəli xatırladır. Bu mənada Qaxın bu səhəri tam başqa, tam fərqlidir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün qar əsasən bölgənin dağlıq və dağətəyi ərazilərinə yağmışdısa, gecə saatlarından başlayaraq arandakı yaşayış məntəqələri, əkin sahələri də ağ örpəyə bürünüb.
 

Ümumiyyətlə, Şəki-Zaqatala bölgəsində artıq üç gündür hər yan ağappaqdır. Yeniyetmə və gənclər park və xiyabanlarda çoxdan gözlədikləri qarın dadını çıxarırlar.


Havanın soyuq olmasına baxmayaraq, küçələrdə xeyli insana rast gəlmək mümkündür. Şəhərin daxili yolları qardan təmizləndiyindən hərəkətdə problem hiss olunmur.

Qeyd edək ki, artıq üçüncü gündür ki, şimal-qərb bölgəsində o cümlədən, Qaxda qarın yağması davam edir. Məlumatlara görə, ən çox yağıntı Qax rayonuna düşüb. Hazırda Qax şəhərində qarın qalınlığı 30-35 sm, yüksək dağlıq yaşayış məntəqələrində isə 40-50 sm arasında dəyişir.

Bəs ucqar yaşayış məntəqlərinə gediş-gəliş, nəqliyyatın hərəkətində nə kimi problemlər yaşanır?

Bu məqsədlə dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən İlisu, həmçinin Ağçay kəndlərinə tərəf yol alırıq.

Yol boyu hərəkət etdikcə qar təmizləyən maşın və texnikaların işlədiyini müşahidə edirik. Qax-İlisu yolunda nəqliyyatın hərkətini tənzimləmək məqsədi ilə səhər saatlarından başlayaraq yol-istismar idarəsinin əməkdaşları təmizləmə işi aparır, qum səpirlər.

Yollarda nəqliyyatın hərəkətində ciddi problem hiss olunmur.

Çünki İlisu sakinləri şəxsi nəqliyyat vasitələrindən rahatca istifadə edə bilirlər.

Qax-İlisu və -Ağçay istiqamətində yollarda Dövlət Yol Polisinin əməkdaşları, eləcə də Post Patrul Xidmətinin əməkdaşlarının nəqliyyat vasitələrinin hərəkətini tənzimləməsi diqqətimizdən yayınmır. Onlar sürücülərə tövsiyyələr verirlər.

Qax 13 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Rövşən Heydərovun sözlərinə görə, artıq ikinci gündür ki, əməkdaşlar növbəlilik əsasında çalışırlar:

“Yollara səhər saatlarından 8 texnika çıxarmışıq. Bu saata qədər respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala, Kötüklü - Qaratala, Qax-Qaşqaçay, Ləkit Kötüklü avtomobil yolları qar və buzdan təmizlənib. Hazırda dayandığımız Qax-İlisu-Sarıbaş avtomobil yolunun 1- 13 kilometrində qar və buzdan təmizlənmə işləri aparılır. Sürüşkən hissələrdə yola qum və duz səpmişik. Nəqliyat vasitələrinin hərəkəti təmin olunur”.

Baş mühəndis bildirib ki, qarşıdakı günlərdə də yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıqlar alıblar: "Bu məqsədlə yetərincə duz və qum ehtiyatı görülüb və ən ucqar yaşayış məntəqələrinin yolları nəzarətdə saxlanılır".













Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin