“Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında qiymətləndirmə işləri həyata keçirilir - FOTO

Hazırda oxunan: “Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında qiymətləndirmə işləri həyata keçirilir - FOTO

235939

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, faydalı qazıntı yataqlarına beynəlxalq qiymətləndiricilər tərəfindən ilk dəfə olaraq rəy verilməsi və bu sahədə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə Türkiyənin Maden Tetkik və Genel Arama Müdürlüyü (MTA) ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanan müqaviləyə uyğun olaraq, fərqli sahələr üzrə ixtisaslaşmış mütəxəssislər beynəlxalq qiymətləndirmə işləri ilə bağlı Naxçıvana ezam olunublar. Beynəlxalq qiymətləndirmə işləri “Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında həyata keçirilir.
 

Qeyd edək ki, MTA-nın mütəxəssisləri Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ilə birlikdə qarşıda duran məsələlər, Agentliyin laboratoriyasında Türkiyədən gəlmiş laborantlarla geoloji sınaqların təhlil edilməsi, laborator analizlərin daha mötəbər aparılması istiqamətində işləri icra edirlər. Mütəxəssislər tərəfindən kameral mərhələdə xəritələr üzərində müzakirələr aparıldıqdan sonra "Gümüşlü" yatağında ilkin çöl işlərinə başlanılıb. Çöl işlərinin ilkin mərhələsində qazılacaq buruq quyularının yeri müəyyənləşdiriləcək, xəritəalma işlərinin aparılmasına dair istiqamət müəyyən ediləcək.



Məlumat üçün bildirək ki, beynəlxalq və yerli təcrübələrdə filiz yataqları üzrə geoloji-kəşfiyyat işlərindən sonra beynəlxalq qiymətləndirici təşkilatlar tərəfindən ekspert rəyi alınır və bu rəy əsasında faydalı qazıntı yatağının ehtiyatları müvafiq kateqoriyalarla kondisiyaların tələblərinə uyğun təsdiqlənir. Rəydə gələcəkdə daha mötəbər, müasir tələblərin dəyişməsi ilə əlaqədar dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması istiqamətində tövsiyələrin verilməsi, ehtiyatı iqtisadi cəhətdən səmərəli hesab edilən yataqlar üzrə istismara dair məsləhətlərin verilməsi məsələləri qeyd olunur.
 

Bu layihənin icrası Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına, nəticədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və rezervlərin artmasına töhfə verəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin