Şimal-Qərb bölgəsində qarlı hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gecədən yağan qar bölgənin dağlıq və dağətəyi kəndlərini əhatə edib.
Regional Hidrometerologiya Müəssisəsindən saytımıza bildirilib ki, bölgədə gecə saatlarında temperatur mənfi 5-8 dərəcə arasında dəyişib.
Şəki və Zaqatala rayonları ərazisində qarın qalınlığı 15-20 sm. arasında dəyişir. Bölgədə ən çox qar Qaxın ərazisinə düşüb. Şəhər ərazisində 25-30 sm, İlisu və ona yaxın ərazilərdə isə 40-50 sm-ə kimi çatır.
Bölgədən keçən əsas Yevlax-Zaqatala-Gürgüstan magistralında eləcə də Qaraməryəm-İsmayıllı-Şəki və Şəki-Qax-Zaqatala avtomobil yollarında qarlı hava müşahidə olunsa da, yolların buzlu olmamasını maşın və texnikalar nəzarətdə saxlayıb.
Səhər saatlarında Şəki və Qaxın yollarında əsasən körpülərin dik və yoxuşlarında qəzalardan yayınmaq üçün avtomobillər bir-bir hərəkət edib.
Bölgədə qarın yağması davam edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu