Birinci Qarabağ müharibəsinin şəhidi Oktay Həsənovun anası Gülbəs Həsənova vəfat edib.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, o, Xızı rayonunun Tıxlı kəndində şəhid oğlu və ömür-gün yoldaşı Alməmməd Həsənovun yanında torpağa tapşırılıb.
Gülbəs Həsənova Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Mağaracıq kəndində anadan olub.
1988-ci ildə ata-baba yurdundan didərgin düşən ailə əvvəlcə Balakəndə, sonra isə Xızı rayonunun Tıxlı kəndində məskunlaşıb. O, həyat yoldaşı Alməmməd Həsənovla birlikdə 5 övlad böyüdüb. Oqtay Həsənov ailənin dördüncü övladı olub.
1970-ci ilin 24 mayında dünyaya gələn Oqtay 1990-cı ilə hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq Birinci Qarabağ müharibəsinə qatılıb və Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevlə Qubadlı döyüşlərində birgə vuruşub. 6 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. fevralın 19-da Xızı rayonunun Tıxlı kəndində torpağa tapşırılıb. Xızı rayon Tıxlı kənd orta məktəbi şəhidin adını daşıyır.
Anası Gülbəs Həsənova oğlu ilə vidalaşdığı həmin kədərli tarixin 31-ci ilində, fevralın 19-da dünyasını dəyişib və şəhid oğlu, eləcə də həyat yoldaşının məzarı yanında dəfn olunub. Ailə üzvləri bununla bağlı təsirli paylaşımlar ediblər.
Gülbəs Həsənova bu illər ərzində şəhid oğlu ilə qürur duyub, daim onu xatirələr, bayatılar və ürək yandıran şeirlərlə yaşadıb. O, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə həmişə minnətdarlıq ifadə edib, Xızı rayon rəhbərliyi və Tıxlı sakinlərindən razılıqla danışıb.
Şəhid anasının dəfn mərasimində kənd sakinləri, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri və onu tanıyanlar iştirak ediblər.
Gülbəs Həsənovanın həyatı bir ananın fədakarlığının, vətən sevgisinin və şəhid oğlu ilə qürurunun təcəssümü kimi yadda qalacaq.
Allah rəhmət eləsin!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:32 / 20.02.2025
31 il sonra eyni gündə şəhid oğluna QOVUŞDU
Hazırda oxunan: 31 il sonra eyni gündə şəhid oğluna QOVUŞDU
Hazırda oxunan: 31 il sonra eyni gündə şəhid oğluna QOVUŞDU
235701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.