Azərbaycanda bir neçə ildir yeni doğulanların sayı azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il dünyaya gələn uşaqların sayı 102 min 310 nəfər olub. 2023-cü ildə bu say 112 min 620, 2022-ci ildə isə 122 min 846 nəfər qeydə alınıb.
Yeni doğulan körpələrin sayının azalması təkcə Azərbaycanda yox, dünyada müşahidə edilən prosesdir. Bunun da müəyyən səbəbləri var. Bəziləri uşaq planlamasında ailənin maddi durumunu ön plana çəkirlər. Bu, ən həqiqi səbəbdir. Lakin bir uşaqla kifayətlənmə sosial rifahı yaxşı olan ailələr arasında da dəbdir.
Həmçinin, ötən il doğulan uşaqların demək olar ki, 15 min nəfərə yaxını nikahdankənardır. Bu da aktual mövzudur. Əsasən nikah şəhadətnaməsi əldə eləməyən ailələrin sayının çoxluğu ilə əlaqələndirirlər.
Elə hər iki mövzu barədə Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı deyib ki, nə dini nikah, nə 500 nəfərin şahidlik etdiyi toy bir evliliyin təsdiqi deyil:
“Nikahdan kənar doğulan uşaqlar çoxdur. İnsanlar toy edirlər və toy etməklə evliliyi bitmiş hesab edirlər. Toy evlilik göstəricisi deyil, evliliyin təsdiqi yalnız dövlətin möhürlü verdiyi sənədlə, nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Bu cür evlilikdən doğulan uşaq da nikahdankənar hesab ediləcək. Çünki ailə dövlət tərəfindən tanınmayıb. Dövlətin təyin elədiyi ailə şərti nikahın bağlanması haqqında şəhadətnamənin olmasıdır”.
O hesab edir ki, ailələrin az uşaqla kifayətlənməsi sosial rifahla əlaqəlidir:
“Dövlət ailə quran gənclərə nəsil artırmaq, demoqrafik artıma müsbət təsir etmələri üçün dəstək verməlidir. Bu gün gənclər onsuz da çətinliklə evlənirlər. Bəziləri maddi problemlərə, evsizlik, işsizliyə görə evlənə bilmirlər. Evləndikdən sonra dünyaya gələn hər uşaq onlarla qayğı deməkdir.
İndi qadınların hamiləliyi də problemli, xərcli olur. Bu həm qeyri-sağlam qidalanmaqdan, həm həkimlərin qızları aldadaraq çoxsaylı problem sadalamasından irəli gəlir. Doğulan hər uşaq ailə üçün əlavə xərc deməkdir. Ona görə də gənc ailələrin əksəriyyəti bir, ən yaxşı halda iki uşaqla kifayətlənməli olurlar. Beləcə əhali sayındakı artım günü-gündən azalır”.
Sosioloq dövlətin bu sahədə stimullaşdırma proqramı hazırlamalı olduğunu vurğulayıb:
“Bunun üçün dövlət müəyyən işlər görməli, bununla bağlı müzakirələr aparılmalı, əhalini nəsil artırmağa maraqlı olmaq üçün təşviq eləməlidir. Bəzən deyirlər ki, uşaq istəməmək insanların seçimidir. Uşaq istəməmək 100-200 min ailənin seçimi ola bilməz. Biz insanların dərdlərini bilirik. Uşaqlara baxa bilmədiklərini bildikləri üçün uşaq dünyaya gətirmirlər”.
Günay Şahmar, Bizim.Media