Taxıl sahələrini yandıranda torpaq münbitləşmir

Hazırda oxunan: Taxıl sahələrini yandıranda torpaq münbitləşmir

235541
Mütəxəssis: “Azərbaycana küləşi toza çevirən aqreqatlar gətirilməlidir”
2017-ci ilin statistikasına görə,xa0 1098 hektar meşəlik ərazidə yanğın baş verib. Buraxa0 həm meşə fondu torpaqları, xüsusi mühafizə olunan təbiət əraziləri, həm də bağ və qoruq əraziləri aiddir.xa0 “Yeni Müsavat” xəbər verir ki, bu statistikanı ekologiya və təbii sərvətlər nazirinin müavini Fidrovsi Əliyev açıqlayıb. Onun dediyinə görə, ötən il yanğın hadisələr əsasən Qəbələ, Oğuz, Salyan, Şabran, Masallı, Ağstafa rayonlarında qeydə alınıb: “Bu ilin 7 ayında isə artıq 700 hektar meşəlik ərazidə yanğın baş verib”.

Bu il açıqlanan məlumatlardan aydın olur ki, yanğınlar əsasən biçilmiş taxıl zəmilərinin yandırılması nəticəsində meydana gəlir. Bir çox ərazilərdə zəmilərin yandırılması zamanı alov meşə ərazilərinə də sirayət edir.

Taxıl zəmilərinin yandırılması həm də ölkənin enerji təchizatı sistemi üçün ciddi problemlər yaradır. “Azərenerji” ASC-nin yaydığı məlumatdan aydın olur ki, avqustun 4-də gecə saatlarında enerjisistemin təhlükəsiz fəaliyyəti üçün mühüm rola malik olan 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib. ASC-nin Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb. Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir.

Xatırladaq ki, avqustun 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerjisistemin normal iş fəaliyyətində ciddi problem yaradıb. O cümlədən iyul ayının 12-də 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Nəticədə bir neçə saat ərzində ölkə üzrə enerji təchizatına 27 faiz məhdudiyyət tətbiq edilib.

Onu da qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsində meşə və çöl ərazilərində yanğın törədilməsi ilə bağlı xüsusi cəzalar nəzərdə tutulub. Fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 6 min manata qədər cərimə olunur. Bu cür yanğınlara səbəb olan şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olaraq 1 ildən 7 ilə qədərxa0 həbs cəzası gözləyir.


Nicat

Kənd təsərrüfatı üzrə ekspert, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin şöbə müdiri Nicat Nəsirlinin “Yeni Müsavat”a dediyinə görə, taxıl zəmilərinin biçindən sonra yandırılması heç də güman olunduğu kimi, torpağı münbitləşdirmir: “Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır”.

Mütəxəssisin sözlərinə görə, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir: “Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur”.

Azərbaycan dünyanın ən az torpaq ehtiyatına malik olan ölkələrdən biridir: “Torpaqlarımızın 37 faizi şoranlaşmaya, eroziyaya məruz qalıb. Hər il taxıl əkilən 960 min hektar sahənin təxminən 400 min hektarı yandırılır. Bu isə həmin sahədə məhsuldarlığın azı 20-30 faiz aşağı düşməsi deməkdir. Bizim onsuz da kənd təsərrüfatında əsas problemimiz məhsuldarlığın aşağı, maya dəyərinin yüksək olmasıdır”.

N.Nəsirli deyir ki, taxıl zəmilərinin biçindən sonra yandırılması sovet dövründə təbliğ olunub: “Bütün SSRİ ərazisində bu təbliğatı aparırdılar. Lakin hər ölkənin öz torpaq münbitliyi, iqlimi var. Ukrayna ilə Azərbaycanın təbii şəraiti eyni deyil ki. Azərbaycanda kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur".

Mütəxəssisin sözlərinə görə, hazırda dünyada torpağı münbitləşdirməyin çox sadə və asan yolları tətbiq olunur: “Yandırmaq bizim torpaq üçün əlverişli deyil. Təəssüf ki, bizdə eyni vahid sahədən ildə bir dəfə məhsul götürürük, ona görə də bizim fermerimiz kasıbdır. Amma dünyada eyni vahid sahədən iki dəfə məhsul götürürlər. Məsələn, taxılı biçirlər, kövşənlikdə əlavə şum əməliyyatı aparmadan, xüsusi avadanlıqdan istifadə edərək qarğıdalı, soya və sair bitkiləri səpirlər. Beləliklə, həm fermer ikinci məhsulu götürür, həm də bu bitkilər torpağı azotla zənginləşdirir. Bəlkə biz sahələri yandırmaqdansa, bu yolla gedək? Bunun üçün çox sadə yol var: ölkəyə həmin kövşəni doğrayıb toz halına salan aqreqatlar gətirilməlidir. Bizdə yalnız Tərtər təcrübə stansiyasında 1-2 belə aqreqat var. Elə qonşu Türkiyədən gətirmək olar. Bildiyim qədərilə, Kənd Təsərrüfatə Nazirliyinin bu problemdən məlumatı var. Ümid edirəm ki, yeni nazir ən azı gələn ildən ”Aqrolizinq" vasitəsilə həmin aqreqatların ölkəyə gətirilməsini təmin edəcək. O aqreqatlar kombaynların arxasına qoşulur, taxıl biçilən zaman kövşən doğranıb toz halında torpağa səpilir".

N.Nəsirli onu da bildirir ki, kənd təsərrüfatı istehsalçıları bir çox hallarda taxıl biçilmiş sahələri yandırmağa məcbur olurlar: “Taxıl sahəsindən məhsuldan 1,5 dəfə çox küləş çıxır. Həmin küləşi istehsalçı-fermer sahədən çıxarmalıdır. Bu isə 1 hektar sahə üçün 120 manata başa gəlir - küləşin bağlanaraq kənara daşınmasına. Üstəlik, küləşin demək olar ki, heç bir qida dəyəri yoxdur, fermerlər onu heyvana vermirlər.xa0 Fermer məcburdur küləşi xərc çəkib kənara çıxardıb yandırsın. Buna fermerlərin imkanı çatmır. Onsuz da taxıl istehsalından elə də yüksək gəlir əldə olunmur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin