Kürdəmir sakinlərini qorxuya salan MƏNZƏRƏ – FOTO

Hazırda oxunan: Kürdəmir sakinlərini qorxuya salan MƏNZƏRƏ – FOTO

235541

Son zamanlar Kürdəmirdə sahibsiz küçə itlərinin sayında kəskin artım müşahidə olunmaqdadır. Bu da öz növbəsində sakinlər üçün yarana biləcək təhlükənin gündən-günə artmasından xəbər verir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əvvəllər bu sahibsiz küçə itləri zibil qutularının kənarında yığılırdılarsa, indi artıq onlar sürü halında mərkəzi küçələrə nüfuz etməyə başlayıblar. Belə ki, sakinlər istər səhər, istərsə də axşam saatlarında qapılarının ağzında peyda olan bu itlərin yaradacağı təhlükədən bezara gəldiklərini deyirlər. Onlar bildirirlər ki, rayonun elə bir küçəsi yoxdur ki, orada sahibsiz küçə itlərinə rast gəlməyəsən. Bu itlərin əlindən valideynlər uşaqlarını məktəbə özləri aparıb gətirməli olurlar ki, bu da onların həm vaxtını alır, həm də işlərini çətinləşdirir.


Sakinlərin müraciəti əsasında biz də şəhərin bir neçə mərkəzi küçələrini gəzərək vəziyyətin nə dərəcədə çətin olduğunu öyrənməyə çalışdıq.

Müşahidələrimiz zamanı şəhərin əsasən Heydər Əliyev, Babək prospektlərində eləcə də Xanlar, Şəhriyar, Mirzəağa Əliyev küçələrində sakinlərin haqlı olduqlarının şahidi olduq. Sahibsiz itlər nəinki küçələrdə sürü halında gəzir, hətta sakinlərinin qapısının ağzında yatırlar. Bu itlər təkcə uşaqlar üçün deyil, böyük insanlar üçün də real təhlükə mənbəyidir.

Rayon sakinləri Ayaz Əskərov və Xəyyam Şükürov yerli büromuza bildirdilər ki, sahibsiz itlər günün müxtəlif saatlarında azyaşlı uşaqlara və onların özlərinə hücum edib, biz isə müxtəlif vasitələrlə özümüzü qorumağa çalışmışıq. Onlar bildirir ki, əsas qorxumuz azyaşlı uşaqlardı. Əgər bu itlər azyaşlı uşaqlara qəfildən hücum etsə, təsəvvür edin onları qorumaq necə çətin olar. Bunun qarşısı mütləq alınmalı və bu itlər küçədən yığışdırılmalıdır.


Mövcud vəziyyətlə bağlı Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsdən yerli büromuza bildirildi ki, 2024-cü il ərzində xəstəxanaya sahibsiz küçə itlərinin hücumuna məruz qalan 577 nəfərin müraciəti daxil olub ki, bu da bütün yaş kateqoriyalarını əhatə edir. Cari ildə isə it tutması ilə əlaqədar bu günə kimi müəssisəyə 70 –dən artıq sakinin müraciəti qeydə alinib. Məsələnin nə dərəcədə təhlükəli hal aldığını nəzərə alıb üz tutduq Kürdəmir rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə...

Şəhər nümayəndəsi Rauf Abışov Bizim.Media-nın yerli bürosuna bildirdi ki, məsələdən xəbərdardırlar və həqiqətən son vaxtlar şəhər ərazisində sahibsiz itlərin sayında kəskin artımı onlar da müşahidə edirlər:

“Hazırda təhlükənin ağırlığı nəzərə alınaraq bununla bağlı rayon icra hakimiyətinin tapşırığı ilə tədbirlər planı hazırlanır. Şəhər kənarında sahibsiz itlərin saxlanması məqsədilə qapalı məkanlar hazırlanması nəzərdə tutulur.  Həmin itlərin şəhər ərazisindən yığılaraq həmin əraziyə köçürülməsi işləri həyata keçiriləcək. Bununla da şəhər sakinlərini narahat edən vəziyyət aradan qalxacaq”.


Ümid edək ki, icra nümayəndəsinin verdiyi söz söz kimi qalmaz və şəhər ərazisində təhlükə, qorxu saçan sahibsiz itlərin kabusu aradan qalxar.

Mövzunu diqqətdə saxlayacağıq...











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin