Məhkəmə...

Hazırda oxunan: Məhkəmə...

235519

Mühakimə edilir bir cani məhkəmədə,

suallar dolu tənbeh, suallar dolu hədə.

hakim qəzəblə baxır bu müqəssir insana

müqəssirsə kədərli, gözləri batıb qana.

Hər sözü təlaş dolu, danışır, səsi çıxmır,

gözlərin yerə dikib bir kəsə tərəf baxmır…

prokror bir tərəfdə, vəkillər bir tərəfdə,

zalda qohumlar, dostlar, insanlar dəstə - dəstə,

sanki, qan yağışı yağır bu zala,

hər insan dözə bilməz bu hala…

Çağırın, məhkəməyə gəlsin onun anası,

görək, hansı ülgüyə, harda o olmuş asi?

Bu cani bətnindəykən əməlləri nə olmuş?

Nədən onun balası indi bu günə qalmış?

Doğru yoldan azaraq hansı səhvləri etmiş ?

Bu cani körpə ikən ona nələr öyrətmiş?

Çağırın, məhkəməyə gəlsin qohumlar, qonşular…

sözsüzdür bu, hər birinin məhkəməyə sözü var.

Kim harda yadlıq etdi, kim nəyi əsirgədi?

Kim ona hansı vədə yaxşılıq, pislik etdi?

Kim vaxtında nədəsə ona əl uzatmadı?

Onu doğması bilib, qayğısına qalmadı?

Çağırın, məhkəməyə gəlsin

birinci sinif müəllimi….

özüylə gətirsin

o vaxtki jurnalı,

dəftəri, kitabı, qələmi…

…axı bu müqəssiri o vədə

bir nurlu körpə kimi

geyindirib - kecindirib, üzündən öpüb

əlinə gül dəstəsi vermişdilər…

böyük - böyük arzularla

birinci sinfə göndərmişdilər…

cani ol, deməmişdilər!

Harda, nə zaman sındı o körpə?

Kim sındırdı körpəni?

Lənət olsun qəni - qəni!

Onu yaxşı - yaxşı danışdırıb, oxşayıb

axtaran oldumu heç, qəlbindəki işığı?

bilən oldumu nədi onun

ömrünün yaraşığı?

düşünən oldumu ki, bu körpə də

vətənin bir balasıdı?

Düşmənlərin önündə

adıyla, varlığıyla

bir həsəd qalasıdır.

Baxan oldumu damarından axan qana?

Hansı soyun övladıdı, babalardan bu yana?

Bəlkə, o körpənin qəlbində bir dahi vardı?

Doğmaları görmədi, iblis alıb apardı?

Çağırın, məhkəməyə onun bütün məktəbini,

axtaraq bu caniliyin əvvəlini, himini…

çağırın, cəmiyyəti, o yetişən mühiti,

oyadaq yuxusundan neçə qara qəfləti…

vətənin hər övladı vətənindən nur alsın,

insanların qayğısı, bir-birinə yar olsun!

qoruyaq hər körpəni dövranda bəlalardan,

onlara nur verək ki, nur gözləyək onlardan!

Əhməd Qəşəmoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin