Məcburi köçkünlərdən tutulan 5 MANATLAR - 3 milyon vəsaiti kim MƏNİMSƏYİR?

Hazırda oxunan: Məcburi köçkünlərdən tutulan 5 MANATLAR - 3 milyon vəsaiti kim MƏNİMSƏYİR?

23548

Məcburi köçkünlərə verilən may ayı üzrə aylıq sosial müavinətdən 5 manata yaxın vəsait tutulub. 

Bu barədə Bizim.Media-ya bir neçə məcburi köçkün şikayətlənib.

Dediklərinə görə Kapital Bank artıq bu il ikinci dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən xidmət haqqı tutur.

Birinci tutulma mart ayında olub. Köçkünlərin sözlərinə görə bu ilə qədər onların kartından hər hansı vəsait çıxılmayıb. Qərarın bu ildən dəyişməsi və ikinci dəfə müavinətin tutulması məcburi köçkünləri ciddi narahat etməyə başlayıb.

Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla çörək pulu aldığını nəzərə alsaq, bu, 3 milyon manat vəsait edir. 

Şikayətçilərin sözlərinə görə birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki bu xidmət ildə bir dəfə olur.

Müavinətin iki dəfə kəsilməsi və illik xidmət haqqının hansı meyyarlara görə təyin edilməsi anlaşılmazlıq yaradıb.

Sosial şəbəkələrdə isə məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov problemlə bağlı onlara rəsmi sorğu göndərməyimizi istəyib.

Rəsmi sorğu göndərsək də Kapital Bankdan bir həftədən çoxdur ki, cavab ala bilmirik. Məsələni bir neçə dəfə Pərviz Sədrəddinova xatırlatsaq da, bank rəsmisi sadəcə olaraq susqunluq nümayiş etdirib. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında müavinətin kəsilməsinin onlarlıq olmadığını qeyd edib. Komitə bəyan edib ki, müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulması məsələsinə də aydınlıq gətirilib:

“Vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edirik”.

Qeyd edək ki, vahid aylıq müavinət alan məcburi köçkünlər iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir. İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin