“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri

Hazırda oxunan: “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri

235347

"Biz uşaqlarımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Məqsədimiz onların sağlam, bilgili, dünyagörüşlü olmalarıdır. Bunun üçün innovativ və sosial əhəmiyyətli layihələr həyata keçirməyə çalışırıq. Amma bu məsələdə ciddi dəstəyə ehtiyacımız var”.

Bunu Azərbaycan Uşaq Fondunun İdarə heyətinin sədri Zəhra Bədəlbəyli Bizim.Media-ya müsahibəsində bildirib. Fond rəhbəri hazırda qurumdakı vəziyyətdən, görüləcək işlərdən danışıb:

- Bir dönəmlər Azərbaycan Uşaq Fondunun adı tez-tez çəkilirdi. Amma sonra fəaliyyəti görünmədi...



- Bizim Fond 1988-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə təsis olunub, 1991-ci ildən isə müstəqil qurum kimi fəaliyyət göstərir. Bu illər ərzində fond uşaqların inkişafına, onların təhsilinə və sosial rifahına yönəlmiş çoxsaylı layihələr həyata keçirib. Amma sonra fəaliyyəti zəiflədi. Son üç ildir ki, fondda yeni heyət, biz fəaliyyətə başlamışıq. Öncə onu modernləşdirməyə çalışdıq. Fondun saytını yaratdıq, daha sonra isə tam rebrendinq həyata keçirdik. Çünki istəyirik ki, bu qurum müasir dövrün tələblərinə uyğunlaşsın. Təbii ki, bununla yanaşı yeni layihələrə də start verdik.

- Hansı layihələr həyata keçirmisiz?

- Bizim Fond əsasən, uşaqların sosial, təhsil və sağlamlıq problemlərini əhatə edən layihələr həyata keçirir. Düzdür, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi də uşaq və yeniyetmələrlə bağlı çox işlər görür. Amma çalışırıq ki, uşaqlara daha geniş dəstək göstərək – istər sağlamlıq, istər istedadlı uşaqların inkişafı, istərsə də psixoloji və sosial dəstək baxımından...  Məsələn, "Peşəkar" layihəmiz çərçivəsində sığınacaqda yaşayan uşaqları müxtəlif peşəkar şəxslərlə görüşdürərək onların gələcək inkişafına kömək etməyə çalışırıq. Eyni zamanda "Mədəni Ol" və "Cinsi Yetkinlik" proqramlarını hazırlamışıq ki, bunlar da uşaqların bilik və bacarıqlarının artırılmasına yönəlib".



Eləcə də, “Bona Dea" klinikası ilə müqaviləmiz var. İmkanları məhdud ailələrdən olan uşaqları güzəştli şəkildə orada müalicə almağa yönləndiririk. Eyni zamanda, serebral iflicdən əziyyət çəkən uşaqların xaricdə müalicəsinə dəstək göstəririk. Artıq bir uşağın Çində xüsusi metodlarla müalicə almasına nail olmuşuq və o, sağalıb. İndi istəyirik bu, müalicə proqramını genişləndirək və həmin həkimi ölkəmizə dəvət edək ki, daha çox uşağa yardım edə bilək.

Fondun həyata keçirdiyi digər maraqlı təşəbbüslərdən biri də uşaqlar üçün təşkil olunan mədəni və əyləncəli tədbirlərdir.

"AzTelekom" şirkətilə birlikdə innovativ texnologiyalar mövzusunda layihə reallaşdırmışıq. "Libraf" kitab mağazasında sığınacaqlardan gələn uşaqlar üçün "Nağıl saatları" təşkil edirik, müəllifləri dəvət edirik, onlar öz əsərlərini uşaqlara oxuyurlar. "Park Cinema"da isə uşaqlar üçün ödənişsiz cizgi filmlərinin nümayişini təşkil edirik. Məqsədimiz odur ki, sosial cəhətdən həssas qruplardan olan uşaqlar da mədəni tədbirlərdə iştirak edə bilsinlər. Amma bunun üçün ciddi dəstəyə ehtiyacımız var.



- Fonda dövlət dəstəyi yoxdurmu?

- Xeyr. Bu qədər uğurlu işlərimizə baxmayaraq, Fondun daimi maliyyə mənbəyi yoxdur. Bizim qurum dövlət tərəfindən təsis olunsa da, dövlətdən maddi dəstək almırıq. Fondumuzun 77 rayon şöbəsi var idi, lakin hazırda 43 filial fəaliyyət göstərir və onların bəzilərinin işi lazımi səviyyədə deyil. Bunun əsas səbəbi maliyyə vəsaitinin çatışmazlığıdır. Son üç ildə layihələrimizi özümüzün və dostlarımızın dəstəyi ilə həyata keçirmişik. Maaşları da bu qaynaqla ödəyirik.

Amma bəzi proqramları davam etdirmək üçün mütləq əlavə maliyyə lazımdır. Məsələn, peşəkar mütəxəssisləri cəlb etdiyimiz layihələr var. Başlanğıcda könüllü iştirak edirlər, amma uzunmüddətli əməkdaşlıq üçün müəyyən qonorar ödəmək lazım gəlir. Təəssüf ki, bunun üçün yetərli vəsait yoxdur.

“Pul istəyəndə “Maliyyə Nazirliyi deyir ki, ianələr toplayın...”

- Bəs, özəl şirkətlərə müraciət etmisizmi?

- Özəl şirkətlərə müraciət edəndə təəccüblənirlər ki, niyə dövlətdən maliyyələşmirsiniz? Maliyyə Nazirliyinə müraciət edəndə isə deyirlər ki, ianələr toplayın, qrant layihələrinə qoşulun və s.  Yaxud, Təhsil Nazirliyi ilə proqramla bağlı müzakirələr aparanda deyirlər ki, siz doğru, vacib mövzuları seçmisiz, amma vəsait ayıra bilmirik. Ona görə də biz o proqramları dayandırmaq məcburiyyətində qalırıq. Mədəniyyət Nazirliyindən də həmçinin... Bizə çox cüzi ianə köçürülür. O ianələr də heç kommunal xərclərimizi belə ödəmir. Borclarımızın cüzi hissəsinə veririk.

“Hökumət evinə kommunal borclarımız var”

- Borcunuz nədən yaranıb?

- Bilirsiniz, biz Hökumət Evində yerləşirik. Bizdən əvvəl yığılan kommunal borclar hələ ödənilməyib. Biz neçə müddətdir onları ödəyirik. Daha öncə maaşla bağlı da borclar vardı, onları ödədik. Amma kommunal borclar qalıb. Bir neçə il ödənilməyib deyə yığılıb qalıb. Bizdən əvvəlki dönəmdə fondun fəaliyyəti zəif olub, layihələri olmayıb və iş demək olar ki, dayanıb. Bu səbəbdən çox istəyirik ki, layihələrimizə nazirliklər dəstək olsunlar.  Çünki bu layihələr həqiqətən uşaqlarımız, cəmiyyətimiz üçün çox mühümdür.



- Dediniz, uşaqların sağlamlığı ilə bağlı da layihələriniz var....

- Bəli, var. Məsələn, qeyd elədiyim kimi, Fondumuzun "Bona Dea" klinikası ilə müqaviləsi var. Biz layihə çərçivəsində Fonda müraciət edən uşaqları ora yönəldirik və onlar güzəştli qiymətlərlə orda müalicə olunurlar. Toplanan ianələrlə xəstəxananın borcunu ödəyirik. Lakin ianələr az olduğuna görə, xəstəxanaya borclu qalırıq. Düzdür, şükürlər olsun, yönəltdiyimiz uşaqlar sağalıb, amma biz hələ də xəstəxanaya borclu qalmışıq.

“Serebral iflicdən əziyyət çəkən uşaqlar sağalır”

Eləcə də Fondumuzun Binəqədi şöbəsi tərəfindən serebral iflicdən əziyyət çəkən uşaqların Çində müalicə almasına yardımçı oluruq. Ordakı klinikalardan birinin həkimi özünəməxsus metodla iflic uşaqları sağaldır. Həmin uşaqlar o klinikada sağlamlığının bərpası üçün çox əhəmiyyətli müalicə alırlar. Bu, çox böyük və mühüm bir proqramdır və bizə bunun üçün də maddi dəstək lazımdır. Ora bir uşaq göndərmişik və sağalıb. Əslində bir uşağı ora aparmaq o qədər də böyük xərc tələb etmir. Gediş-gəliş haqqı, 1 aylıq müalicə müddəti, qidalanma və xəstəxana məsrəfləri təxminən 7 min dollardır. Amma uşaq yarım ildən bir təkrar müayinə edilməlidir. Ona görə də istəyirik ki, daha çox uşağın müalicə ala bilməsi üçün həmin həkimin Azərbaycana gəlməsini təmin edək. Eyni zamanda uşaqlar üçün kibertəhlükəsizlik mövzusunda maraqlı layihəmiz var.  Uşaqların təhlükəli virtual oyunlardan qorunması, kibertəhlükəsizliklə bağlı böyük tədbir düzənləmək fikrindəyik. Seminarlar, master klassların təşkil olunmasını istəyirik. Bu yöndə konkret  təkliflərimiz də var. Həmin təkliflərin aktuallaşmasını və qanunlarımıza daxil edilməsini istəyirik. Bir sözlə, çalışırıq ki, uşaqlarımız üçün hər şeyin ən yaxşısını edək.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin