Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR

Hazırda oxunan: Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR

235346

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə öz vəkilindən imtina edən Vüsal Əlizadəyə dövlət hesabına müdafiəçi təyin edilib.

Bundan sonra isə Cəlal Kazımova dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Lakin Cəlal Kazımov vəkilin müdafiəsindən imtina edib. O, ümumilikdə məhkəmədə vəkilə ehtiyacı olmadığını bildirib.

Hakim isə təqsirləndirilən şəxsə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir. O, yenə də vəkilə ehtiyacı olmadığını deyib.

Hakim onun etirazının qəbul edilmədiyini bildirib.

Daha sonra Vüsal Əlizadənin vəkili apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb. Hakimlər vəsatətləri təmin etməyib. Apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə baxışı martın 10-na təyin olunub.

Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər.

Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı ondan çoxdur. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin