Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb.
Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.
Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin 1 ilə yaxındır övladını narahat etdiyini, dərsə gedib- gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.
Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.
Bizim.Media