Rüşvət alan direktor azadlığa buraxıldı

Hazırda oxunan: Rüşvət alan direktor azadlığa buraxıldı

235273

Gəncə Apellyasiya Məhkəməsində Ağdam Musiqi Kollecinin rüşvət almada təqsirləndirilən direktoru Rafail Musayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin təyin edilmiş 3 il sınaq müddəti artırılmaqla 4 il həddində müəyyən olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. İttihama görə, o, 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. Rafail Musayev həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Sonra apellyasiya protestinə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən qərar çıxarılıb. Qərara əsasən, təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılıb. Daha sonra Rafail Musayev saxlanılıb və 02 saylı İstintaq Təcridxanına göndərilib. Məlum olub ki, onun xəstəliklərdən əziyyət çəkdiyi və vəziyyəti ağırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin