Yəqin müşahidə etmisiniz ki, hətta yenicə doyduğumuz zaman da şirniyyat istəyi hiss edə bilərik.
Bizim.Media xəbər verir ki, araşdırmalarla bunun beynimizdə gedən mürəkkəb kimyəvi proseslərlə bağlı olduğu sübuta yetirilib.
“Maks Plank” Metabolik Tədqiqatlar İnstitutunun alimlərinin araşdırmalarına əsasən, toxluq hissini bildirən sinir hüceyrələrinin də adicə şirniyyata baxmaqla aktivləşdiyi məlum olub.
Artıq doymuş bir insan siqnal molekullarının təsirinə məruz qaldıqda və şəkər yeməyə başladıqda, xüsusi neyronlar bədənin öz opiatlarından birinin - β-endorfinin sərbəst buraxılmasını stimullaşdırmağa başlayır. Bu, reseptorlara təsir edir və bizə ani xoşbəxtlik hissi verir.
Mütəxəssislərin fikrincə, başqa bir qida qəbulu zamanı bu məmnunkuq hissi baş vermir.
Alimlərin qənaətləri siçanlar üzərində aparılan təcrübələrlə təsdiqlənib. Tədqiqatlar göstərib ki, insanlarda siçanlarda olduğu kimi şirniyyata reaksiya üçün beyinin eyni sahəsi aktivləşir. Belə ki, beynimizdə dolğunluq hissindən məsul olan neyronların yaxınlığında yerləşən çoxlu opioid reseptorları var.
Bu reseptorlar şirniyyat iyi hiss etdikdə və ya gördükdə aktivləşir və şəkər istəyini artırır. Həddindən artıq şəkər qəbulunun isə orqanizmə kifayət qədər zərərləri var. Odur ki, sağlam və gözəl olmaq üçün şirniyyata olan həvəsimizi idarə etmək bizim əsas maraqlarımızdan biri olmalıdır.
Bizim.Media