Dünya əhalisi piylənmədən əziyyət çəkir. Azərbaycanda da bədən çəkisindən narahat olanlar var. Ölkədə ya artıq çəki, ya da çəkisizliyin həllinə çarə axtaranlar az deyil. Onlar arıqlama mərkəzləri adı altında fəaliyyət göstərən müəssisələrə üz tuturlar. Belə müəssisələr daha çox paytaxtda fəaliyyət göstərir.
Bu mərkəzlər əsasən müxtəlif qidalardan istifadə etməklə insanların artıq çəkidən və çəkisizlikdən xilas olacaqlarını vəd edirlər. Belə müəssislərdə müayinə olunub problemin əsas səbəbini tapmaq və müalicəyə başlamaqsa xeyli vəsait tələb edir.
MÖVZU İLƏ BAĞLI:
5 ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR – Onların diplomları necə YOXLANILIR?
Bəs bu müəssisələrdə çalışan kimlərdir? Bunlara hansı qurum nəzarət edir? İnsan orqanizminə müdaxilə edən bu şəxslərin tibbi bilgiləri varmı?
Arıqlamaq üçün hansısa mərkəzə getməyə lüzum yoxdur.
Mövzu haqqında Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, insanlar özləri də qidalarına nəzarət etməklə istədikləri çəkini əldə edə bilərlər:
“Kök adamların öz çəkilərinə nəzarət etməsi yaxşı haldır. Bunun üçün hansısa mərkəzlərə üz tutmaq düzgün deyil. İnsanlar elə bilirlər ki, o mərkəzlərdə elə iş görürlər ki, onları evdə eləmək mümkün deyil. Sadəcə, o mərkəzlərdə müəyyən dietalar var. Qidanın kəskin azaldılması məsələsi var. Hansı ki, insan o qidanı özü evdə azalda bilər. Həqiqətən də onların yazdığı qidanı yeməyin əhəmiyyəti yoxdur, əsas məsələ orqanizmə daxil olan kalorini azaltmaqdır”.
O bildirib ki, arıqlama mərkəzlərində artıq çəkidən azad olmaq üçün kalorini həddindən artıq azaldırlar:
“İnsanın qəbul elədiyi kalori sərf elədiyi kaloridən çox olanda kökəlməyə başlayır. Onların verdiyi dərmanlar bioaktivliyi artırır, orqanizmin mübadiləsini sürətləndirir. Çəki indeksi 25 olan adam səhvən qərar verir ki, kökəlməliyəm. Kökəlsə, bu, artıq çəkidir. Çəki indeksi 25-29 arasında olarsa, artıq çəki, 29-35 olarsa, birinci dərəcəli piylənmə olur. Kökəlmək istəyən adamlar çəki indeksinə nəzarət etməlidirlər, əgər çəki indeksi normadadırsa, onda kökəlməyə ehtiyac yoxdur. Çəki indeksi 18-dən aşağıdırsa, kökəlməyə ehtiyac var”.
Qidalanma üzrə mütəxəssis Fərid Səfərov da mövzuya bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
O bildirib ki, çəki ilə bağlı problem yaşayanlar belə mərkəzləri diqqətlə araşdırmalıdırlar:
“Dünyada piylənmə və ya həddindən artıq aşağı çəki ilə bağlı problemi olan insanlar bu sağlamlıq problemlərini aradan qaldırmaq üçün müxtəlif mərkəzlərə, həkimlərə, mütəxəssislərə müraciət edirlər, bu normal haldır. Bunun üçün bu mərkəzləri və ya mütəxəssisləri diqqətlə araşdırıb sonradan müraciət etmək daha düzgündür”.
O, belə mərkəzlərdə mütləq təhsili olan, bu sahə üzrə ixtisaslaşmış və təcrübəsi olan insanların fəaliyyət göstərməli olduğunu vurğulayıb:
“Diyetoloq, nutrisiloq, endokrinoloq, ürək həkimi, qastroenteroloq, idman, tibbi və reabilitasiya üzrə təhsil almış mütəxəssislər və ya peşakar idmançılar bu mərkəzlərdə fəaliyyət göstərə bilərlər”.
Günay Şahmar, Bizim.Media