Ötən il ərzində “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə təxminən 146 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollar vəsait xərclənib ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 21,67 faiz artım və 4,35 faiz azalma deməkdir.
Bizim.Media bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2024-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənib və yola salınıb.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır.
Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Bizim.Media