Həmkəndlisini ölümlə hədələyən şəxs yenidən həbs edildi

Hazırda oxunan: Həmkəndlisini ölümlə hədələyən şəxs yenidən həbs edildi

234345

Ali Məhkəmədə soyğunçuluqda və öldürməklə hədələmədə təqsirləndirilən Yaşar Şükürovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, protest və şikayət təmin edilməyib.


İttihama görə, Yaşar Şükürov Nizami Rayon Məhkəməsinin 3 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 2 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunaraq qeydiyyatda olduğu Lerik rayonunun Kəlvəz kəndinə gəlib. Sonrakı müddətdə həmkəndlisi, zərərçəkmiş Füzuli Əliyev ilə rastlaşıb söhbət etdiyi zaman ona “türmədən çıxmışam, hamı mənə hörmət edir, sən də mənə hörmət etməlisən, mənə pul lazımdır inək almaq istəyirəm, mənə kömək et, sən bu qədər torpaq əkmisən, imkanın genişdir, pulun çoxdur, mən “reketəm” mənə haqq verməlisən” deyib. Zərərçəkmiş şəxs isə onun tələbi ilə razılaşmayıb. Yaşar isə kənddən köçmədiyi təqdirdə onu başını kəsəcəyi ilə hədələyib.

27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi və icra məmuru Kəlvəz kənd sakinləri ilə zərərçəkmiş şəxs arasında mübahisə yarandığı üçün torpaq sahəsinə gəlib. Onlar tələbkar və cavabdehi həmin əraziyə dəvət edib icra işini başa çatdırdıqları zaman Yaşar at üstündə əlində xəncər Füzulinin üzərinə gələrək ona “sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm” kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb və öldürəcəyi ilə hədələyib.

Bundan başqa, Yaşar Şükürov 28 iyul 2022-ci il tarixdə zərərçəkmiş Füzuli Əliyevin Lerik rayonu ərazisində kənd təsərrüfat təyinatlı pay torpaq sahələrində 2021-ci ilin payız aylarında payçıların şifahi razılıqlarına əsasən əkdiyi 20,0 ha çovdar sahəsinə gəlib. O, zərərçəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək çovdarı biçdirib. Sonra o, 10,0 hektarı zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdırıb. Bununla da Yaşar zərərçəkmiş şəxsə ümumilikdə 11060 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq edib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Yaşar Şükürov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 11060 manat maddi ziyanın təqsirləndirlən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə mülki iddia təmin olunması hökm edilib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin