“Böyük Qayıdış”ın işıqlı SİMASI – Görülən işlər və perspektivlər - VİDEO

Hazırda oxunan: “Böyük Qayıdış”ın işıqlı SİMASI – Görülən işlər və perspektivlər - VİDEO

234273

Gecə yarısı yola çıxdıq. İstiqamət Şərqi Zəngəzura, daha dəqiq desək, Zəngilana idi. Gecənin qaranlıqların yarıb sürətlə irəliləyən avtobusda bir canlanma, bir ovqat vardı. Bu ovqata avtobusun sürücüsü Niyaməddin öz qatqısını vermək təşəbbüsü çox uğursuz oldu.

Maqnitofonda “vorovskoy” mahnıları sıralamaq istəyi çoxluq tərəfindən gülüşlə qarşılandı. Çünki jurnalistlər musiqidən daha çox informasiya almaq həvəsində idilər. 
 

Bu istək, bu həyəcan başa düşülən idi. Çünki jurnalist həmkarlarımızın çoxunun Şərqi Zəngəzura ilk səfəri idi. Və onu da qeyd edək ki, Şərqi Zəngəzur, Qarabağ həsrətimizin ömrü avtobusda olan gənc jurnalistlərin bəzilərinin ömründən uzun idi. Ona görə də bu səfər bəziləri üçün mediaturdan daha çox nağılların gerçəkləşdiyi məqam idi. Bələdçimiz - “Azərişıq” ASC-nin əməkdaşı Pərvanə Kazımovanın verdiyi anonslar isə həyəcanımızı bir qədər də artırırdı.


İlk öyrəndiyimiz o oldu ki, səfər təkcə “Azərişıq” ASC-nin Zəngilanda gördüyü işlərlə tanışlıq deyil, həm də bir yubiley tədbiridir. Belə ki Cəmiyyətin yaranmasının 10 illiyi ilə bağlı  "Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə müsabiqə elan edib. Və jurnalistlər səfər çərçivəsində Cəmiyyətin 10 illik fəaliyyəti ilə bağlı daha ətraflı məlumatlar əldə edəcəkdilər.



Həqiqətən də belə oldu...

Zəngilan bizləri əsrarəngiz mənzərəsi ilə qarşıladı. Bir gün əvvəl yağan güclü qar hər tərəfi ağ örpəyə bürümüşdü. Bəlkə də bu ilahinin bir lütfü idi ki, ermənilərin 30 ildə Zəngilanda törətdikləri vandalizmin qalıqları qarla örtülmüşdü. Ətrafda ancaq uzanıb gedən ağappaq sahələr və bir də bu qarlı sahələrdə ilginc mənzərə yaradan elektrik xətləri görünürdü.

İlk dayanacağımız ünvan Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi oldu. Burada bizi Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev qarşıladı. Bəzi vacib məlumatları bizimlə bölüşdü. Daha sonra isə Mərkəzin akt zalında “Azərişıq” ASC-nin məsul əməkdaşlarının iştirakı ilə mətbuat konfransı başladı.

“Azərişıq” ASC 10 ildə

Konfransda bir daha xatırladılıb ki, Ölkə başçısının müvafiq sərəncamı ilə “Azərişıq” ASC 10 fevral 2015-ci ildə Bakı elektrik şəbəkəsinin bazasında yaradılıb. Qurumun yaradılmasına əsas məqsəd regionlarda ölkə üzrə elektrik enerjisinin bərabər səviyyədə paylanmasını təmin etmək, stansiyaların və xidmətlərin səviyyəsini ən azı Bakı şəhərindəki səviyyəyə çatdırmaq və ən əsası ölkə iqtisadiyyatını və əhalisini davamlı elektrik enerjisi ilə təmin etmək idi.


Nəzərə alaq ki, o zaman rayonlardakı paylayıcı stansiyaların həm yükgötürmə qabiliyyəti, həm texniki imkanarı, həm də idaretmə sistemləri o qədər də qənaətbəxş deyildi. Əksər paylayıcı şəbəkələr ötən əsrin ortalarından qalma idi.

Belə şəbəkələrdə müasir tələblər səviyyəsində xidmət göstərmək mümkün deyildi. Bu səbəbdən də ilkin olaraq belə şəbəkələrin yenilənməsinə başlanıldı. Benəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə “Azərişıq” ASC son 10 il ərzində qarşıya qoyulan hədəflərə çatıb. Ölkə üzrə 20 min kilometr uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min kilometrə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub.

Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib. 


Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur. “Azərişıq” ASC maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində də 10 il ərzində uğurlu nəticə göstərib, enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır.

2019-cu ildən başlayaraq elektron xidmətlər ölkə üzrə tətbiq edildi.

“Azərişıq” ASC-nın son illərdəki fəaliyyətində “100 kənd” layihəsi xüsusilə diqqət çəkir. Bu layihə çərçivəsində 130-dan çox, 2024-cü ildə isə 126 kənd və qəsəbədə fasiləsiz və dayanıqlı enerji təminatı yaradılıb. 2025-ci ildə də bu layihə davam etdirilir. Bütün bu tədbirlər həm müştəri məmnunluğu yaradır, həm də texniki itkiləri mnimuma endirir.

“Azərişıq” ASC və “Böyük Qayıdış”

2015-2020-ci ildə qazanılan təcrübə 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə ən qısa zamanda davamlı enerji təminatınının yaradılmasına vəsilə oldu. Məsələn qarlı şaxtalı qış günlərdə Şuşaya elektrik enerji xətti çəkildi. Bu əslində mümkünsüzün mümkün edildiyi günlər idi. Şuşaya elektrik xətlərinin çəkilişi əsasən əllə aparıldı. Bunun bir səbəbi ərazinin çətin coğrafi relyefi idisə, digər səbəb Topxana meşəsinə zərərin vurulmaması idi. Cəmi bir ay ərzində Şuşaya davamlı elektrik enerjisinin verilişi təmin edildi.


Bunun ardınca 2021-ci ildən başlayaraq Qarabağ və ətraf ərazilərdə sırf rəqəmsal transfarmasiya tələbləri və yaşıl enerji tələbləri üzərində yeni şəbəkələrin qurulmasına başlanıldı. Azərbaycanın mövcud enerji sistemindən xeyli uzaq olan ərazilərdə qısa zamanda elektrik enerjisinin təmin edilməsi əslində bir möcüzə idi. 100 kilometrlərlə uzaqdan, qarlı dağlardan, keçilməz aşırımlardan Kəlbəcərə, Laçına və digər ərazilərə yüksək gərginlikli elektrik xətləri çəkildi. Bu gün işğaldan azad olunmuş bütün rayon mərkəzlərində 110/35 kV-luq yarımstansiyalar qurulub.

Bundan əlavə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində salınan  və yaxın illərdə inşa ediləcək bütün yaşayış məntəqələri üçün “Azərışıq” ASC artıq bütün zəruri infrastrukturu yaradıb. Ən maraqlısı da odur ki, işğaldan azad olunmuş ərazilər  müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib. Hazırda 30-a yaxın yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir.

“Azərişıq” ASC və yaşıl enerji

“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və proqram təminatına inteqrasiyası həyata keçirilir.


“Azərişıq” ASC-nin istifadə etdiyi yaşın texnologiya artıq bir necə beynəlxalq platformalarda tətbiq olunub. Ötən 5 ildə tətbiq edilən yaşıl enerji modeli Almaniyada, Böyük Britaniyada, Avstriyada, Türkiyədə və MDB ölkələrində diqqətlə öyrənilir. Ötən ilin noyabrına kimi ölkə ərazisində olan elektrik doldurma məntəqələrinin gücü 13,2 meqavata çatdırılıb. Bu güc 129 elektik doldurma məntəqələri vasitəsi ilə həyata keçirilir. Bu gün əsas hədəf işğaldan azad olunmuş ərazilərin 100 faiz yaşıl enerji ilə təmin olunmasıdır.

Təqdir ediləsi haldır ki, MDB və Afrika ölkələri yaşıl enerji sahəsində Azərbaycan təcrübəsini bu gün diqqətlə öyrənir.

Müştəri məmnunluğu

“ASAN Xidmət”lə əməkdaşlıq hesabına “Azərişıq”ın xidmətlərindən istifadə daha sadə və əlçatan olub. ASC-nin “ASAN Xidmət” mərkəzlərində təqdim etdiyi xidmətlərin sayı 18-ə çatdırılıb. Halbuki, 7 il əvvəl bu xidmətlərin sayı cəmi 8 idi. Şəbəkəyə qoşulma 41 gündən 20 günə endirilib.

ASAN indeks qiymətləndirməsinə görə “Azərışıq” ASC dövlət qurumları arasında 98,35 faiz nəticə göstərərək birinci yerə layiq görülüb. Kommunal xidmətlər sahəsində bu rekordu göstərən ilk dövlət qurumu məhz “Azərışıq” ASC-dir.

“Azəiışıq” ASC 2024-cü ildə 21 milyard 744 milyon kilovatsaat elektrik enerjisi alıb ki, bu da 2019-cu illə müqayisədə 2,7 milyard çox enerji deməkdir.


10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Həmçinin bu illər ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub.

Və son...

Olduqca maraqlı keçən mətbuat konfransından sonra Zəngilan rayonu ərazisində görülmüş müxtəlif layihələrə də baxış keçirildi. Amma qısa qış günü daha çox yerlərə ziyarətə imkan vermədi. Hava qaraldığı üçün geriyə dönməli olduq. Amma gördükləri maraqlı mənzərədən və 30 illik həsrətin yanğısını soyutmaq üçün heç kəs geri dönmək istəmirdi. Son olaraq alatoranlıqda Zəngilanın çıxışında dayandıq, gənclər bir xeyli qartopu oynadı...

Və avtobusa minib Bakıya üz tutduq. Gördüklərimizi və eşitdiklərimizi yenidən bölüşmək üçün avtobusda qızğın və şirin bir söhbət başladı. Hər kəsin üzü gülürdü. İşğaldan azad olunmuş ərazilərin işığa qərq olmuş mənzərəsi hər birimizə bir rahatlıq gətirirdi. Bir daha əmin olduq ki, ölkəmizin, o cümlədən də Qarabağ və Şərqi Zəngəzurun nurlu sabahı üçün  “Azərışıq” ASC növbəti 10 ildə daha böyük uğurlara imza atacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin