Azərbaycanda bəzi sahələrin nümayəndələrinin əməyini qiymətləndirmək məqsədilə fəxri adlar təsis edilib. Bunlara mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, dövlət qulluğu, hüquq, kənd təsərrüfatı, mülki aviasiya sahələrindəki nailiyyətlər qazanmış şəxslər daxildir.
Bizim.Media fəxri adların kimlərə verilməsini, onu daşıyanların məsuliyyəti, fəxri adların məbləği barədə araşdırmanı təqdim edir.
Fəxri ad ənənəsi
İlk fəxri adlar sovet dövründə təsis olunub və 45 fəxri ad müəyyən edilib. Müstəqilliyin ilk illərində, yəni 1991-1993-cü illərdə sovet dövründə müəyyən edilən fəxri adlar dəyişdirilib və müəyyən şəxslərə verilib. Lakin 1993-1998-ci illərdə isə heç bir fəxri ad verilməyib. Bu da fəxri adlara dair sənədin qəbul olunmamasından irəli gəlib. 1998-ci il 22 mayda isə fəxri adlar haqqında yeni Fərman imzalanıb.
Kimlərə fəxri adlar verilir?
Həmin ildən xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar dövlət qulluqçusu, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi fəxri adları verilir. Fəxri adla bərabər həmin şəxslərə döş nişanı da təqdim edilir. Fəxri adlar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı digər ölkələrin də vətəndaşlarına verilə bilər. Fəxri adların verilməsi haqqında Fərmanda qeyd edilib ki, “Xalq artisti” və “Xalq rəssamı” fəxri adları müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.
Fəxri adlara görə nə qədər təqaüd verilir?
Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər qanunvericilik ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər. Nailiyyəti seçilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək üçün verilən fəxri ada görə onlara hər ay dövlətdən müxtəlif məbləğdə pul verilir. Məsələn, hazırda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adına görə 200 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist” və s.) görə isə 150 manat maddi vəsait verilir.
Fəxri addan məhrumetmə halları
Azərbaycan Respublikasının fəxri adını almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, o adı ləkələyən xata törətdikdə Prezidentinin sərəncamı ilə fəxri addan məhrum edilir. Qeyd edək ki, fəxri addan məhrum edilmiş şəxsin fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılmalıdır.
Günay Şahmar, Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739279539_5285517278969981592.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 12.02.2025
Fəxri adlara görə nə qədər təqaüd verilir? - ARAŞDIRMA
Hazırda oxunan: Fəxri adlara görə nə qədər təqaüd verilir? - ARAŞDIRMA
Hazırda oxunan: Fəxri adlara görə nə qədər təqaüd verilir? - ARAŞDIRMA
234269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.