Sabiq maliyyə nazirindən Sahil Babayevlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Sabiq maliyyə nazirindən Sahil Babayevlə bağlı AÇIQLAMA

234181

Ötən həftə maliyyə sektorunda mühüm kadr dəyişiklikləri ilə yadda qaldı. Belə ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edilərək maliyyə naziri təyin olunub.

Bundan əlavə, ötən həftə Mərkəzi Banka 4 yeni baş direktorun təyin olunması da diqqət çəkib. Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.

Maraqlıdır, yeni təyinatlar, xüsusən də Sahil Babayevin ölkənin baş maliyəçisi təyin olması hansı islahatları gündəmə gətirə bilər? Gözləntilər nədən ibarətdir?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov cavablayıb.

Sabiq nazir bildirib ki, bank və maliyyə sektorunda hər hansı bir islahatların aparılacağından asılı olmayaraq, yaxın gələcək üçün qlobal hədəflər ölkənin milli valyutasının üzən məzənnəyə keçidinin və dövlətin maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin təmin edilməsində ibarət olmalıdır:

“Bu gün beynəlxalq aləmdə baş verən prosseslər fonunda dünyanın maliyyə müstəvisində baş verən gəlişmələr, kriptovalyutaların sayının və rolunun getdikcə artması, buna qarşılıq dövlətlərin rəqəmsal valyutalara keçməsi kimi proseslər, bizdən də bank maliyyə sektorunda daha ciddi islahatların aparılmasını tələb edir.

Qloballaşan dünyada Azərbaycanın Ümüdünya Ticarət Təşkilatından (ÜTT) kənarda qalması mümkün deyil. Bu gün Azərbaycan Avroasiya məkanının ən mühüm nəqliyyat dəhlizi kimi meydandadırsa və yaxın gələcəkdə bu meydanda əsas söz sahibi kimi çıxış edəcəksə, o halda, onun ÜTT-dən kənarda qalması mümkün deyil. ÜTT-yə üzvülüyün ən mühüm şərtlərindən biri isə milli valyutaların məzənnəsinin sərbəstliyidir – yəni onların üzən məzənnəyə keçməsidir. Bir sözlə, biz istəsək də, istəməsək də, manatın üzən məzənnəyə keçməsi beynəlxalq müstəvidə tələb olunan bir şərt kimi baş verməlidir. Buna hazır olmaq lazımdır”.

Nazirliyin yeni rəhbərliyi hansı addımları ata bilər?

Fikrət Yusifov bildirib ki, indiki dönəmdə neft ölkəsi olan Azərbaycanda hasilatın azalması və dünyanın enerji balansının sürətlə dəyişməsi səbəbindən maliyyə resurslarından istifadənin səmərəliliyinin təmin olunması mühüm bir məsələdir:

“Əgər bir ölkədə dövlətin maliyyə vəsaitlərindən istifadənin səmərəliliyi təmin edilməzsə, həmin vəsaitlərin həcminin hansı ölçülərdə olması o qədər də əhəmiyyət kəsb etmir. Odur ki, əsas olan vəsaitlərin həcmi deyil, əsas olan mövcud vəsaitlərdən istifadənin səmərəliliyini təmin etməkdir.

Baxın, Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin ilk addımlarından biri hökumətin effektivliyinin təmin edilməsi üzrə xüsusi bir strukturu yaratmaq oldu. Hədəf dövləti lüzumsuz, səmərə verməyən xərc yükündən azad etməkdir. Tramp dövlətinin hər il 1,5 – 2,0 trliyon dollar borclanmasının fərqindədir.

Hesab edirəm ki, Azərbaycanda da Maliyyə Nazirliyinin yeni rəhbərliyi ölkənin ərazisində dövlətə aid olan bütün gəlirlərin və bütün xərclərin inventarlaşmasını aparıb, onların optimallaşdırılması istiqamətində təkliflərini hazırlayıb dövlət başçısının masası üzərinə qoymalıdır. Təcrübəli maliyyəçi və vaxtilə ölkənin maliyyə sisteminə rəhbərlik etmiş şəxs kimi deyə bilərəm ki, bu iş düzgün təşkil edilərsə, o halda, həm dövlət gəlirləri, həm də dövlət xərcləri üzrə böyük imkanların ortaya çıxarılması mümkündür”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin