Nazirliklərin məntiqsiz İSLAHATLARI - Elmi Tədqiqat İnstitutları niyə ləğv edilir?

Hazırda oxunan: Nazirliklərin məntiqsiz İSLAHATLARI - Elmi Tədqiqat İnstitutları niyə ləğv edilir?

23412

Son iki il ərzində bəzi elmi tədqiqat institutları ləğv edilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin tabeliyində olan bir neçə elmi tədqiqat institutu da onların arasındadır. Əslində elmi tədqiqat institutlarının ləğv olunması prosesinin davam edəcəyi gözlənilirdi. Bu gözləntilər isə səbəbsiz deyildi – çünki kənardan hansısa fəaliyyəti görünməyən bir qurum dövlət büdcəsinə yükdən başqa heç bir məna kəsb etmir. 

Bu qurumların ləğv edilməsi iş yerlərinin itirilməsi ilə bərabər, bəzi sualların da ortaya çıxmasına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna start verilir


Sahə üzrə təcili tələb olunan elmi suallar harada araşdırılacaq və inkişafın ardıcıllığı necə müəyyənləşdiriləcək? 

Bəs, elmi tədqiqat institutlarının fəaliyyətini davam etdirməsinə zəmin yaratmaq, onların səmərəliliyini artırmaq, bununla da ölkəmizin iqtisadi inkişafına təkan vermək üçün hansı addımlar atıla bilər? Sadəcə “pensiya idarəsi” xarakteri daşıyan bu müəssisələrin səmərəliliyini necə təmin edə bilərik, onları hansı yolla istehsalatın çevik labarotoriyasına çevirmək mümkündür?  

Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyada son 20 il ərzində elm sahəsində baş verən dəyişikliklər məhz  elmi tədqiqat mərkəzlərinin fəaliyyəti nəticəsində baş verir:

“Hazırda iqtisadi, siyasi, mədəni sahədə baş verən dəyişikliklərin ssenarisini elmi tədqiqat mərkəzləri müəyyənləşdirirlər. Hətta hərbi məsələlərə belə bu institutlar müdaxilə edə bilirlər. Dünya öz axarı ilə inkişafa doğru gedir Azərbaycanın elmi tədqiqat institutlarının isə müasir elmi texniki inkişafda birmənalı olaraq rolu yoxdur. Hazırda ölkə ÜDM-də Azərbaycan elminin hansısa faizi görünmür”.

Kamran Əsədov onu da qeyd edib, Azərbaycanda elmi mərkəzlərin fəaliyyət planı müasir dövrün tələblərinə, əmək bazarının standartlarına uyğun olaraq dəyişdirilməlidir: 

“Elmi mərkəzlər, tədqiqat institutları elmi texniki dəyişikliyə odekvat fəaliyyət göstərməli, təkliflərini, layihələrini təqdim etməlidirlər. İlk növbədə gənclər elm sahələrinə cəlb edilməlidirlər, digər tərəfdən isə həmin mərkəzlərin kadr poptensialı, maddi texniki resursları dəyişdirilməlidir. Dünyada elmi ixtiraların nəticəsində milyard kilometrlərlə məsafədə olan Marsda hansısa alət Yerdən idarə olunur, biz isə bir həftə sonranın proqnozunu verə bilmirik. Pandemiya dövründə də məlum oldu ki, biz ümumiyyətlə müasir dövrə uyğun resurslar qurmamışıq”.

Təhsil eksperti deyir ki, ləğv etmək asan çıxış yoludur. Elmi tədqiqat institutlarının inkişaf etdirilməsi üçün bu sahədə çalışan şəxslərin akreditasiyaları keçirilməlidir: 

“Akreditasiya keçirilməlidir və mütləq şəkildə həmin sahələrə vəsait ayrılmalıdır. Gənclərin cəlb edilməsi üçün sosialyönümlü layihələr həyata keçirilməli, gənc alimlərin fəaliyyət və yaşam şəraiti yaxşılaşdırılmalıdır ki, bu sahədə hansısa inkişaf olsun”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin