Quzu, yoxsa qoyun əti daha FAYDALIDIR?

Hazırda oxunan: Quzu, yoxsa qoyun əti daha FAYDALIDIR?

234091

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hesab edir ki, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.

AQTA qeyd edir ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur.

Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir

Amma nəzərə alaq ki, ölkəmizdə quzu ətinə xüsusi maraq var.     Bu səbəbdən də quzu əti sürətlə bağalaşır

Bəs, quzu, yoxsa qoyun əti insan orqanizmi üçün daha faydalıdır?

Suala tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasındabildirib ki, tarixən xalqımızın dilində “quzum”, quzu kəsim”, “quzu balam” kimi ifadələr olub:

“Bu da təsadüfi deyil. Çünki quzunun görünüşü şirin olduğu kimi əti də dadlıdır. Quzunun ətinin tərkibində olan zülallar və digər üzvi birləşmələr daha yüngül həzm olunur. Çünki sərbəst radikallarla daha çox  zənginləşməyib. Quzu piyi çox sıx konsentrasiyaya və konsistensiyaya malik olmadığına görə rahat mənimsənilə bilir.

O cümlədən də quzunun ətinin həzm olunması və tərkibindəki qida maddələrinin mənimsənilməsi üçün daha az enerji sərf olunur. Qeyd etməliyəm ki, hər hansı bir canlı nə qədər çox hərəkət edirsə, onun əzələ sistemi o qədər bərkimiş olur. Bu mənada qoyunlar daha yaşlı olduqları və çox hərəkət etdikləri üçün onların əzələ sistemləri bərkiyir.

Nəzərə alaq ki, bərk əzələli qoyun ətini yeyərkən onu daha çox çeynəməli oluruq. Eləcə də onun həzmi ağır gedir. Bu da orqanizmdə əlavə enerji itkisinə səbəb olur. Bundan əlavə qoyun ətində toplanmış yağlar daha çox ağırmolekullu olurlar”.

“Qoyun əti bu şəxslərdə narahatlıq yaradır”

Müsahibimiz əlavə edib ki, qoyun əti həzm sistemində problemi olan, təzyiqə meylli, hipertoniyalı şəxslərdə müəyyən narahatlıqlar yarada bilir:

“Ona görə də quzu əti daha faydalıdır. Bunu həm tarixi aforizmlər, həm istehlakçılar, həm də onların tərkibinin biokimyəvi göstəriciləri təsdiq edir. Quzu ətində bir şirinlik də var. Quzu otla qidalanmaqla bərabər əsasən ana südü ilə böyüyür və çox az gəzdiyi üçün əzələləri çox da bərkimir.

Amma energrtik baxımdan qoyun ətinin enerjisi quzu ətinin enerjisindən daha çoxdur. Ona görə yaşlı insanlar, xüsusən də təzyiqdən əziyyət çəkənlər qoyun ətindən uzaq durmağa çalışırlar. Quzu əti isə daha yumşaq, daha dadlı və az zərərli yağlara malikdir”.

 Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin