Dərslər arasında AYRISEÇKİLİK – “Fiziki tərbiyə” və “Musiqi”yə niyə “barmaqarası” BAXILIR?

Hazırda oxunan: Dərslər arasında AYRISEÇKİLİK – “Fiziki tərbiyə” və “Musiqi”yə niyə “barmaqarası” BAXILIR?

234063

“Valideynlərin əksəriyyəti övladlarının nüfuzlu ali məktəblərə və nüfuzlu fakültələrə qəbul olmağı ilə fəxr edirlər. Hamı hüquqşünas, diplomat, həkim, mühəndis olmaq üçün can atır. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, xüsusilə son illərdə “Dövrün tələblərinə uyğun olmayan ixtisaslar”, “lazımsız ixtisaslar”, “nüfuzlu ixtisaslar”, ”ən nüfuzlu ixtisaslar”, “nüfuzsuz ixtisaslar” və s. bu kimi fikirlərə geniş yer verilir,  baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik, kimi ixtisaslara isə hazırda əmək bazarında demək olar yer yoxdur”.

Bunu Bizim.Media ilə söhbətində təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, bu cür yanlış yanaşma orta məktəblərdə  tədris olunan fənnlərə də sirayət edib:

“Ali məktəblərə qəbulun ixtisas qrupları üzrə mərkəzləşdirilmiş qaydada keçiriləndən, ixtisaslar “nüfuzlu” və “nüfuzsuz” kateqoriyalara bölünəndən bəri, fənnlər də “əsas” və “qeyri-əsas” fənnlərə çevrilib və bir növ lazımsız fənnlər kimi bunlara “barmaqarası” baxılıb.

Ötən il ilk olaraq İbtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və ingilis dili, bu il biologiya, kimya, fizika, coğrafiya, informatika, gələn il isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırılmaya cəlb ediləcəyi barədə rəsmi məlumat sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Səbəb isə ondan ibarət olub ki, nəyə görə tarix fənni son olaraq, özü də texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə ilə bir vaxta və bir araya salınıb. Yəni, belə nəticə çıxarılıb ki, əsas fənnlərdən biri sayılan tarix fənni “ikinci dərəcəli” fənnlər qrafasına aid edilə bilməz.

Hesab edirəm ki, ixtisasları “nüfuzlu” və “nüfuzsuz” kateqoriyalara bölmək, fənnləri “əsas” və “qeyri-əsas” fənnlər kimi təsnifatlandırmaq kökündən yanlış yanaşmadır”.

Hər fənnin öz yeri, öz çəkisi var.

Müsahibimiz qeyd edib ki, “Ümumtəhsil müəssisələrinin tədris planı”nda nəzərdə tutulan 19 fənn arasında “Azərbaycan dili”, “Xarici dil”, “Riyaziyyat” və “İnformatika” ilə yanaşı “Fiziki tərbiyə” fənni də 5 fəndən biri kimi I sinifdən XI sinfə qədər fasiləsiz olaraq tədris olunur və onun tədrisinə hər sinif üzrə 2 saat olmaqla həftəlik 22 saat vaxt ayrılır:

“Fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin yaxşılaşdırılması və idmanın kütləviliyinə nail olunması ilə bağlı ümumtəhsil məktəblərinin də qarşısında çox ciddi vəzifələr qoyulub. Bununla belə açıq etiraf etməliyik ki, bir sıra ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri və idman məşğələlərinin tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına ciddi yanaşmayan məktəb rəhbərləri, fiziki tərbiyə müəllimləri də var.

Bir sıra idman müəllimlərinin və şagirdlərin dərslərdə idman formaları geyinmədikləri, fənn müəllimlərinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədikləri heç də hamıya gizli deyil. Bəzi məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin istər fiziki tərbiyə müəllimləri, istərsə də şagirdlər tərəfindən tam şəkildə yerinə yetirilməsində nöqsanlara yol verilir. Fiziki tərbiyə dərsləri bir çox hallarda formal xarakter daşıması barədə məlumatlar var. Bir çox məktəblərin yay idman meydançaları və sadə idman qurğuları belə yoxdur.

Bu kimi münasibət təkcə fiziki tərbiyə dərslərində müşahidə olunmur. Ayrı-ayrı məktəblərdə “Çağrışaqədərki hazırlıq”, “Musiqi”, “Təsviri incəsənət”, “Texnologiya” fənlərinə də ikinci dərəcəli fənn kimi yanaşma halları var. Bu hər şeydən əvvəl ayrı-ayrı ixtisaslar üzrə şagirdlərin ali məktəblərə hazırlığı, repetitor institutunun inkişafı və ali məktəblərə hazırlıq kursları şəbəkəsinin genişlənməsi ilə əlaqədardır”.

Məktəbin vəzifəsi konkret ixtisas üzrə bilik məcmusu vermək deyil.

Nadir İsrafilov hesab edir ki, təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdə “Musiqi” dərslərinin rolu da danılmazdır:

“Musiqi fənni üzrə təhsil proqramı ümumtəhsil məktəblərində musiqi təlimi və tərbiyəsinin, musiqi mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədlərinin reallaşdırılmasına, şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk etmələri, onların bədii zövqünün, musiqi üzrə bacarıq və vərdişlərinin inkişafı, fəal dinləyici kimi yetişmələri, mənəvi aləminin zənginləşdirilməsində əhəmiyyəti əvəzsizdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin