Sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu - TƏFƏRRÜAT

Hazırda oxunan: Sahibkarları, direktorları şantaj edən 4 sayt rəhbərinə hökm oxundu - TƏFƏRRÜAT

234038

"Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onlara ağır cəza verilib.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər ayrı-ayrı rayonlarda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri şantaj edərək onlardan pul almaqda ittiham edilirlər.
 

Onlar barəsində çoxsaylı şikayətlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.


İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov zərərçəkmiş kimi tanınan şəxslərdən pul istəyərkən özünü “AzTV” dövlət televiziyasının əməkdaşı kimi təqdim edib.

S.Məmmədov və digərləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən pendir sexinin sahibini şantaj ediblər. Sahibkara qanunsuz fəaliyyət göstərdiyini, sex ərazisində anti-sanitariya olduğunu və ekoloji qaydaların pozulduğunu deyiblər. Buna görə ondan 100 manat alıblar. Bu hal bir neçə dəfə təkrarlanıb. Sahibkar 2020-ci ildən etibarən şantaj edildiyini deyib.

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən taxta emalı sexinin sahibinə qanunsuz olaraq kəsilmiş meşə ağaclarından istifadə etdiyini deyiblər. 200 manat tələb edib 40 manat ala biliblər. Təqsirləndirilən şəxslər bir neçə dəfə birlikdə və ayrı-ayrı gələrək sahibkardan müxtəlif məbləğlərdə pul alıblar.

İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov daha əvvəl eyni əmələ görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Zərərçəkmiş şəxslərin ifadəsindən məlum olub ki, Seymur Məmmədov ölkə rəhbəri ilə bağlı kitab dərc edib. Həmin kitabı sahibkarlara və icra hakimiyyəti başçılarına 70-100 manata satıb. Almayan şəxslərə isə deyib ki, kitabı almaqdan imtina edən şəxslərin fəaliyyəti nəzarətə götürülməklə, yol verdikləri nöqsanlar aşkar edilərək ictimailəşdiriləcək.

Zərərçəkmişlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub. Rəisdən ərazidə qanunsuz ağac kəsilməsinə şərait yaratdığını deyərək 30 manat alıblar. Bir neçə dəfə bu məqsədlə 10-50 manat arası vəsaiti rəisdən ala biliblər.

İmişli rayonu, Otuzikilər kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibi də təqsirləndirilən şəxslərin qurbanlarından olub. Ondan karxanada qanun pozuntularının olduğunu, Araz çayının məcrasının dəyişdirdiyini deyərək ilk dəfə 200 manat alıblar. Daha sonra isə müxtəlif vaxtlarda 200-500 manat arası məbləğləri də eyni yolla ələ keçiriblər.
 

İmişli rayonu, Xubyarlı kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibindən də eyni qaydada pul tələb edərək ilk dəfə 50 manat, daha sonra isə müxtəlif məbləğlər alıblar.


Tovuz rayonu, Əyyublu kəndində yerləşən kömür sexinin sahibinə isə deyiblər ki, istehsal nəticəsində əmələ gələn tüstü normadan artıqdır, ekologiyaya ciddi ziyan vurur. Bu barədə məlumat dərc etməmək üçün ondan pul alıblar. Əvvəlcə 200 manat, sonra isə müxtəlif məbləğlər tələb ediblər.

Zərərçəkmişlərdən biri də Ağstafa rayonu, Göycəli kəndində yerləşən taxta emalı sexinin sahibidir. Ona da deyiblər ki, istifadə etdiyi ağacları qanunsuz olaraq meşələrdən kəsərək əldə edir. Buna görə də ondan bir neçə dəfə 100-200 manat arası məbləğdə pul alıblar.

S.Məmədovun Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin direktorundan 300 manat tələb etdiyi də aşkar edilib. Direktora deyib ki, qanun pozuntularına yol verib, məktəbdə olan nəzarətsizlik nəticəsində şagirdlər təhsildən kənar qalıb.

Şəmkir rayonu, Kür qəsəbəsi, İ.Aznaurov adına Kür qəsəbəsi 1 saylı tam orta məktəbin direktorundan da eyni qaydada 300 manat istəyib.

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən beton zavodunun direktorundan isə çap etdirdiyi kitabı almasını tələb edib. Əks halda zavodla bağlı neqativ yazılar yazacağını bildirib. Sahibkardan 70 manat pul alıb.

S.Məmədov həmçinin qaynarxett.az saytının da rəhbəri olduğunu bildiribmiş.

Elan edilmiş ittihamla S.Məmmədov özünü təqsirli bilməyib. Deyib ki, heç kimdən şantajla pul istəməyib. Dərc etdiyi kitabı sahibkarlara, icra hakimiyyəti nümayəndələrinə təqdim edərək almalarını istəyib. O, sahibkarların ona hörmət qarşılığında pul verdiyini bildirib.
 

S.Məmmədovun zərərçəkmiş kimi tanınan şəxslərin onlardan məcburi şəkildə şikayətçi olduğunu iddia edib.


Təqsirləndirilən şəxslər bildiriblər ki, rayon başçısından və digər şəxslərdən pulu yazdıqları yazılara görə alıblar. Qonorarı da özləri yox, qarşı tərəf müəyyən edirmiş.

Cinayət işi materiallarında diqqət çəkən maraqlı detallardan biri “dua satan şəxslə bağlıdır.

Həmin şəxs Şəmkir rayonunda ona müraciət edən şəxslərə qədimi dua kitablarından dua yazıb satırmış. O, dindirilən zaman deyib: “Bir nəfər zəng edib özünü Seymur Naxçıvanski kimi təqdim etdi. Dedi ki, jurnalistdir. Seymur dua yazıb dələduzluq ilə məşğul olduğumu dedi. Məndən 500 manat istədi. 20 manat verə biləcəyimi dedim. Seymur əsəbiləşib barəmdə tədbir görəcəyini dedi”.

Zərərçəkmiş şəxslərin ifadələrindən də maraqlı detallar üzə çıxıb. Məlum olub ki, pul verməyən sex sahibləri barədə adı çəkilən jurnalistlər tərəfindən reportajlar hazırlandıqdan sonra onlar qanuni şəkildə cərimə ediliblər. Bundan sonra məcburi şəkildə təqsirləndirilən şəxslərə pul verməyə başlayıblar.

Zərərçəkmişlərin ifadələrindən o da məlum olub ki, təqsirləndirilən şəxslər ayrı-ayrı vaxtlarda ya tək, ya da birlikdə gələrək onlardan pul tələb edirmişlər. Zərərçəkənlərin çoxu məhkəmədə şikayətçi olmadıqlarını deyiblər.

Seymur Məmmədov kimi digər təqsirləndirilən şəxslər də özlərini təqsirli bilmədiklərini deyiblər. Söyləyiblər ki, zərərçəkmiş kimi tanınan şəxslər onlara könüllü şəkildə kömək edib və əziyyətlərinin qarşılığında maddi yardım göstəriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin əməllərinin sübuta yetirildiyi qənaətinə gəlib. Hökmə əsasən "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov 7 il, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov 7 il, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov 6 il, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov isə 5 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin