Ağcabədidə ölümlə nəticələnən yol qəzası törədən “Vətən müharibəsi iştirakçısı”na hökm oxunub.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi.
1991-ci il təvəllüdlü Mirzayev Emil Sahib oğluna məxsus “VAZ-21011” markalı avtomobillə 1940-cı il təvəllüdlü Quliyev Türbəndə Talış oğluna məxsus “VAZ-2106” markalı avtomobil toqquşmuşdu. Qəza zamanı Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdi.
Araşdırma zamanı məlum olub ki, qəzaya səbəb Emil Mirzayevin maşını arxaya verərkən yola baxmaması olub. O, idarə etdiyi maşını yola çıxararkən arxadan gələn “VAZ 2106” ona çırpılıb, daha sonra isə yol kənarındakı fərdi yaşayış evinin hasarına dəyib. Türbəndə Quliyev xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmədə ifadə verən Emil Mirzayev özünü günahkar bilib. Deyib ki, maşını arxaya verən zaman yolu tam olaraq görməyib və maşının gəldiyini bilməyib. O, peşman olduğunu, mərhumun ailəsi ilə barışdığını deyib. Emil “Vətən müharibəsi iştirakçısı” olduğunu söyləyərək məhkəmədən barəsində yüngül cəza çıxarmasını xahiş edib.
Mərhumun hüquqi varisi olan oğlu da Emili bağışladığını deyib.
Məhkəmə E.Mirzayev barəsində bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Bizim.Media