Repetitorluq zərurətdir, yoxsa DƏB?

Hazırda oxunan: Repetitorluq zərurətdir, yoxsa DƏB?

233733

Azərbaycanda repetitor hazırlığı təhsilin əsas hissəsinə çevrilib. Ölkədə ümumi təhsil müəssisələrində təhsil almaq pulsuzdur və hər bir Azərbaycan vətəndaşı da bu hüquqdan istifadə edir. Lakin ali məktəbə qəbul olmaq istəyənlər məktəb təhsili ilə kifayətlənməyib əlavə hazırlığa üz tuturlar. Bəzən isə valideynlər övladlarını daha tez, elə ibtidai snifdən repetitor yanına göndərirlər.

Elm və təhsil naziri Emin Əmrullayev yanvar ayının 6-da jurnalistlər üçün keçirdiyi brifinqdə repetitorluq məsələsinə toxunaraq deyib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

Nazir dəbə görə də repetitor yanına gedənlərin olduğunu vurğulayıb.

Bəs maraqlıdır ki, repetitorluğa zərurət nədən yaranıb? Repetitorluq həm də qonşuya ayaq uydurmağa xidmət edir?

Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya deyib ki, test üsulu ilə ali məktəbə qəbulun hər kəs üçün əlçatanlığı repetitorluğa marağı artırıb:

“Repetitorluq tarixən olub və hazırda geniş yayılıb. Dünyanın əksər ölkələrində var. Avropada övladının rəsm qabiliyyətinin olduğunu, fizikaya marağının olduğunu görən valideyn onun qabiliyyətini daha da inkişaf etdirmək üçün repetitor yanına göndərir. Bizdə isə elə deyil, əgər uşaq fizikadan və ya kimyadan zəifdirsə, valideyn həmin fənni öyrənmək üçün uşağını repetitora əmanət edir.

Dəb məsələsinə gəldikdə, sovet dövründə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq xəyal idi. Orda proses çətin idi, ali məktəbə qəbul olmaq atom parçalamaq qədər mürəkkəb və uğurlu iş hesab olunurdu. Müstəqillik illərində uzaqgörən insanlar test üsulunu ölkəyə gətirdilər və bundan sonra ali təhsili qazanmaq əlçatan oldu. Yəni abituriyentlər rahatlıqla ali təhsilə qəbul ola bildilər.

Ali məktəbə qəbulun asanlığı baxımından “qonşum qəbul olubsa, mən də qəbul ola bilərəm” prinsipi ilə repetitorluq bir növ dəb halını aldı. Valideynlər də repetitorluq hazırlığına və kurslara ehtiyac duydular. Yəni onlara elə gəldi ki, uşaq bununla da universitetə qəbul olacaq. Proses belə başlandı”.

Ekspert hesab edir ki, indi repetitorluq hazırlığı təhsilin ən aşağı pilləsində də mövcuddur:

“Bu da 2008-2009-cu ildən etibarən ölkədə kurikulum təhsil proqramı tətbiq olunmağa başlanıb və indi gənc nəslin valideynləri bu proqrama yaddılar. Əvvəllər hansısa mövzuda, məsələlərin həllində valideynlər uşaqlara kömək ola bilirdilər. İndi özləri çətinlik çəkdikləri üçün məcbur olub uşaqların dərsləri ilə məşğul olmaq üçün əlavə müəllim xidmətindən istifadə edirlər. Bu proqramın çətinliyi repetitor hazırlığına ehtiyac yaradıb.

Elm və təhsil naziri cəmiyyətə müraciət edir ki, siz də bu məsələdə bizə kömək edin. Biz müəllimdən tələb etməliyik ki, “dövlət sizin əməyinizə görə maaş verir, 45 dəqiqədə də olsa, övladıma dərs keçib, nəsə öyrədin”.

Təəssüf ki, hamıya şamil olunmasa da, öz dərs dediyi sinifdən uşaq götürüb əlavə dərs deyən müəllimlər var. Yəni onlar məktəbdə hazırlıq üçün uşaq əldə edirlər. Nazir də deyir ki, müəllimin məktəbdə dərs dediyi şagirdə repetitorluq etməsi ayıb bir şeydir. Yəni belə müəllimlərin məqsədi bəllidir, onun yerinə müəllimlik adını uca tutan şəxsləri gətirib, işlə təmin etmək lazımdır”.

O, repetitorluğun köklü şəkildə həllinin mümkün olmadığını qeyd edib:

“Qismən həlli üçün çalışmaq laızmdır. Müəllimin əmək haqqı artımı da buna kömək ola bilməyəcək, çünki repetitorluqla məşğul olan müəllimlər var ki, onlar ayda 5-10 min manat pul qazanırlar. Ona görə də proqramı sadələşdirməliyik, qəbul proqramında imtahan veriləcək fənlərin sayını azaltmaq lazımdır. O zaman repetitorluğa əvvəlki qədər kütləvi ehtiyac duyulmayacaq. İndiki halda repetitorluq olmasa, qəbul planında 85 faiz yerlər boş qalacaq”

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin