1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən və həmin dövrdə İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilən Elşən Qubad oğlu Tağıyev doğma yurdu Salyanda torpağa tapşırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən şəhid Elşən Tağıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Salyanda 31 il sonra meyiti tapılan şəhidlə vida mərasimi – FOTO/VİDEO
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Salyanın Seyidsadıqlı kənd qəbiristanlığına aparılıb. Yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Tağıyev Elşən Qubad oğlu 1971-ci ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1994-cü ilin yanvarında Füzulinin Şükürbəyli kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.
Elşən Tağıyev naməlum şəhid kimi İmişlinin Şəmmədli kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyatı üzrə təhvil verilib.
Sabutay, Bizim.Media, Cənub Bürosu