İlk olaraq bu yollarda tramvay xətləri ÇƏKİLƏCƏK

Hazırda oxunan: İlk olaraq bu yollarda tramvay xətləri ÇƏKİLƏCƏK

233332

Ölkə başçısının sərəncamına əsasən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqramda bir çox yenilik nəzərdə tutulub. Buraya yeni metrostansiyaların tikilməsi, tramvay xətlərinin çəkilişi, tıxacın aradan qaldırılması üçün yeni tədbirlər və yolların salınması və s. daxildir.

Bu istiqamətdə müzakirə olunan məsələlərdən biri də yenidən tramvay xətlərinin çəkilməsi və sərnişindaşıma üçün istifadəyə verilməsi ilə bağlıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdi ki, Mehdiabad və “Sea Breeze” ərazilərində artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiabad və “Sea Breeze”ə TRAMVAY XƏTTİ çəkiləcək


Məlum olduğu kimi, Azərbaycanda SSRİ qurulduqdan bir qədər sonra tramvaylar Bakıda əsas nəqliyyat vasitəsi olaraq istifadə edilməyə başladı. Lakin 1967-ci ildə Bakı metropolitenin işə salınması ilə tramvayların nəqliyyatda rolu azaldı və nəticədə 2004-cü ildə Bakıda tramvay sistemi tamamilə ləğv edildi.

Maraqlıdır, Bakı yol infrastrukturu tramvay xətlərinin yenidən çəklişinə hazırdırmı? Mövcud xətlər əsasən hansı istiqamətlərdən keçəcək və nə qədər rentabelli olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, layihələndirməyə qədər 2 marşrutun olması nəzərdə tutulub. Onun sözlərinə görə, tramvay xətlərinin çəkilməsi zamanı yol infrastrukturunda hər hansı bir dəyişikliyə ehtiyac yaranarsa, bu, həyata keçəcək:

“Bakı şəhər və ətrafındakı yollar xətlərin çəkilməsi üçün əlverişlidir. İlkin məlumata görə, təxminən Sea Breeze, Mehdiabad, Binəqədi Azadlıq prospektindən keçməklə "28 May" ərazisinə qədər 2 tramvay xəttinin olması planlaşdırılır”,- o, deyib.

E.Cəfərov hesab edir ki, Bayıl ərazisindən Zığa qədər də sözügedən xətlər çəkilə bilər.

“Həmin istiqamətdən “8 Noyabr” prospekti, daha sonra Yusif Səfərov küçəsi və Heydər Əliyev prospekti ilə Binə qəsəbəsinə qədər növbəti tramvay xəttinin çəkilməsi mümkündür. Bu istiqamətdə reallaşa biləcək imkanlar olduqca genişdir. Əsas odur ki, rentabelli olsun və mövcud vəziyyətdə sərnişindaşıma prosesini həyata keçirə bilsin", - deyə ekspert fikrini yekunlaşdırıb.

Nəqliyyat eksperti Rauf Ağamalıyev isə qeyd edib ki, tramvayların qaytarılması mövcud tıxacın qarşısının alınmasına kömək edəcək.

"İlkin olaraq metro və dəmiryolu olmayan ərazilərdə mobilliyin təminatında önəmli bir istiqamət seçilib. Sözügedən layihə ilə yanaşı şəhərətrafı dairəvi yolların tikintisi də nəzərdə tutulub. Bu da avtomobil sürücülərinin şəhərə avtomobillə daxil olmadan tranzit nəqliyyat vasitələri ilə hərəkətini daha sürətli şəkildə təmin edəcək. Bu vasitələrin həmin yollara yönlənməsi şəhərdəki küçə yol şəbəkəsinin yükünün bir hissəsini azaldacaq. Elan olunmuş layihələrin əsas məqsədi axınların idarə olunması və insanların hərəkətliliyini təmin etməkdir”.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin