Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın həyat yoldaşı Lətifə əl-Droubi bu həftə Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı ictimaiyyət qarşısına çıxıb.
Bazar ertəsi sosial mediada geniş yayılan video və fotolarda cütlük Məkkədəki Məscidül-Həramda ümrə ziyarətini yerinə yetirib. Bu görüntülər ictimaiyyətin marağına səbəb olub, çünki Droubi ictimaiyyətin diqqətindən həmişə kənarda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "A Haber" kanalı yazıb.
Mənbə qeyd edir ki, çərşənbə axşamı Şaraanın Türkiyəyə səfəri zamanı Droubi Ankarada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Şaraanın Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri müvəqqəti prezident üçün keçən ay vəzifəyə gəldikdən sonra ilk beynəlxalq səfərləridir.
Səfərdən əvvəl və keçən həftə Şaraa Dəməşqdə Droubini xarici qonaqlarına təqdim edib. Nümayəndə heyətinin üzvü Reem əl-Bazm X-də Droubi ilə görüşdəm məmnun olduğunu yazıb.
Nəşr vurğulayır ki, Droubi Suriyanın qərbindəki Homs qubernatorluğunda, Əl-Qaryatayn şəhərindən olan tanınmış bir ailədəndir.
Bir sıra ərəb KİV-lərinin məlumatına görə, onun ailəsindən 2009-cu ildə Ciddədə vəfat edən Şeyx Əbdül Qaffar əl-Droubi də daxil olmaqla, tanınmış alimlər yetişib.
Şaraa özü Səudiyyə Ərəbistanında anadan olub və ailəsi 1989-cu ildə Suriyaya qayıtmazdan əvvəl atası neft mühəndisi işləyərkən uşaqlığının yeddi ilini orada keçirib.
Droubi ailəsinin isə Suriyadakı mövcudluğu ən azı Osmanlı İmperiyasına gedib çıxır.
Osmanlı İmperiyasının keçmiş səfiri Alaa əd-Din əl-Droubi öldürülməzdən əvvəl 1920-ci ildə cəmi 26 gün Suriyanın ikinci baş naziri vəzifəsində çalışıb. Droubi ailəsinin digər üzvü Qazi əl-Droubi 1984-1987-ci illərdə prezident Hafiz Əsədin dövründə Suriyanın neft və ehtiyatlar naziri vəzifəsində çalışıb.
Ərəb dili və ədəbiyyatı üzrə magistr dərəcəsi olan Droubinin Şaraadan üç oğlu var. Onun bacısının da Bəşər Əsəd rejiminin devrilməsindən cəmi bir həftə sonra, 2024-cü il dekabrın 15-də vəzifəyə təyin edilmiş Dəməşqin hazırkı qubernatoru Maher Məhəmməd Mərvanla evli olduğu bildirilir.
Xatırladaq ki, Suriyanın keçmiş birinci xanımı, Bəşərin həyat yoldaşı Əsma Əl-Əsəd kifayət qədər yüksək nüfuza malik olub. O, üç uşağı ilə dekabrın 8-də ərinin hakimiyyətdən uzaqlaşdırılmasından bir qədər əvvəl, yəni 2024-cü ilin noyabrında Moskvaya gedib.
Bizim.Media