Qəbələdə hovuzda boğulan yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Rayonun Vəndam qəsəbəsindəki fərdi qonaq evlərindən birinin həyətindəki hovuzda baş verən bədbəxt hadisənin təfərrüatları barədə müxtəlif fikirlər var.
Bizim.Media-nın yerli bürosu xatırladır ki, ötən gün axşam saatlarında Qəbələnin Vəndam qəsəbəsində fərdi qonaq evlərindən birində bədbəxt hadisə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Qəbələdə yeniyetmə hovuzda BOĞULDU
Belə ki, 15 yaşlı Ağcabədi rayon sakini Hüseyn Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb.
Adının çəkilməsini istəməyən yerli sakinlərdən birinin verdiyi məlumata əsasən Hüseynovlar ailəsi tətil günlərində qəsəbədəki fərdi evlərdən birini kirayə tutaraq yerləşiblər. Hadisə axşam saatlarında baş verib. Deyilənə görə, 15 yaşlı yeniyetmə hovuzun ətrafında gəzərkən ayağı qəflətən ilişərək yıxılıb və onu kimsə xilas edə bilməyib.
Digər bir məlumata əsasən isə yeniyetmə xəstəlikdən əziyyət çəkib. Onun sudurğası varmış və hadisə də elə o, hovuz ətrafında olarkən baş verib. Hüseyn hovuza yıxılıb və beləcə orada keçinib.
Hadisədən sonra yeniyetmənin yaxınları xəbər tutub və müvafiq orqanlar məlumatlandırılıb.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu