“Zəif həkim varsa, demək ona diplom düz verilməyib” – Professordan həmkarlarına İRAD

Hazırda oxunan: “Zəif həkim varsa, demək ona diplom düz verilməyib” – Professordan həmkarlarına İRAD

233058

“Ana-uşaq sağlamlığı bizim üçün prioritetdir. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bu da həkimləri stimullaşdırılacaq”.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

Bildiyimiz kimi son vaxtlar doğuş zamanı ana, körpə ölümlərinin artması müzakirə olunan mövzulardan biridir.

Maraqlıdır, həkimlər üçün bonusların təyin olunması bu ölümləri azaltmaq üçün atılan addımdırmı?

Bizim.Media məsələ ilə bağlı professor, tibb eksperti Adil Qeybullanın fikirlərini öyrənib. O, bu təklifi absurd hesab edib.

“Hər bir həkimin peşə əqidəsi olmalıdır. O öz peşəsinə xidmət edir. Əlbəttə, onların maaşlarının, maddi durumlarının yaxşılaşdırılması müsbət haldır, hamıya şamil olunmalıdır. Amma həkimin içində daha peşəkarı və yaxud zəifi ola bilməz. Elə bir hal varsa, deməli diplom ona düz verilməyib”.

Həkim ana və körpə ölümlərinin səbəbinin həkimlərlə yox, ananın fiziologiyasıyla əlaqəli olduğunu deyib:

“Ana ölümlərinin yaranmasının səbəbi isə hamiləlik planlamasının pozulmasıdır. Qadın əvvəlcədən yoxlanmalıdır. Həkimlər onu hərtərəfli yoxladıqdan sonra onun hamiləliyinə icazə verir ki, hamiləlik təhlükəsiz keçsin.
 

Bizim qadınlarımızın əksəriyyəti xəstəliklərlə yanaşı hamilə qalır. Məsələn, özünün xəbəri olmadan qaraciyərində hepatit, böyrək çatışmamazlığı və s olur. O hamilə olduqda ya hamiləlik ortada pozulur, ya da sonda ana-uşaq ölümüylə nəticələnir.


Bütün bunlar göstərir ki, biz hamiləlik planlamasına diqqət etməliyik ki, hamiləlik fizioloji olaraq keçə bilsin. Ana-uşaq ölümlərinin əsas səbəbi budur. Həmin xəstələr sonda gəlib bu faciəylə üzləşəndə buna həkimin peşəkarlığının aiddiyəti olmur. Buna görə də məsələyə kökündən, dünya təcrübəsindən çıxış edərək yanaşılmalıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin