2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bölgə rayonlarında bir sıra görüş və konfranslar, dəyirmi masalar təşkil edilib, fərqlənən gənclər mükafatlandırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidə təşkl edilən dəyirmi masada qeyd olunub ki, gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan və özünə güvənən ölkədə yaşayır.
Vurğulanıb ki, bu gün Azərbaycan gənclərinin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
***
Balakəndə təşkil edilən dəyirmi masada bildirilib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Çünki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.
***
2 fevral - Gənclər Gününü ilə əlaqədar Qaxda “Müstəqil və Suverən dövlətin gəncləri” mövzusunda toplantı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlərindən geniş söhbət açılan tədbirdə bildirildi ki, dövlət gənclər siyasəti Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə prioritet istiqamətlərdən biri olub.
***
Oğuzda bir qrup fəal gənclə keçirilən görüşdə qeyd olunub ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ildə sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimizin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu