Bu gün Azərbaycan Gəncləri Günüdür

Hazırda oxunan: Bu gün Azərbaycan Gəncləri Günüdür

232837

Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd edilir. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla təsis edilən bu günün qeyd edilməsi təkcə gəncliyin inkişafına diqqət çəkmək üçün deyil, eyni zamanda, gələcək nəsillərə dövlətin göstərdiyi qayğını ifadə etmək məqsədi daşıyır. 

Bizim.Media xəbər verir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətin vətəndaşları Azərbaycan Gəncləri Gününü xüsusi ruh yüksəkliyi ilə qeyd edirlər. Gəncliyin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkəmizin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Gənclər təkcə ölkədaxili uğurlarla deyil, beynəlxalq miqyasda da Azərbaycan dövlətinin maraqlarını layiqincə təmsil edir və qoruyurlar.

2020-ci ilin payızında xalqımızın Böyük Zəfəri ilə başa çatan Vətən müharibəsi gənclərin Vətənə bağlılıq və fədakarlıq ruhunun parlaq nümunəsinə çevrilib. 44 gün davam edən haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənc nəsil həmin sınaq günlərində çox böyük örnək qoyub.

İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu əvəzedilməzdir. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında fəal iştirak edirlər. Eyni zamanda, gənclər bölgələrdə sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində də fəallıq göstərirlər.

Ötən ilin noyabrında Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransında da gənclər, o cümlədən könüllü gənclər böyük rol oynayıb. Gənclərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin imzası ilə onlara təşəkkürnamələr təqdim edilib. Həmin tədbirlər gənclərin liderlik qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Həmçinin həmin təşəbbüslər gənclərin dövlətə və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə şərait yaradır.

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti milli maraqların qorunması, gənclərin innovativ potensialının üzə çıxarılması və onların ölkənin hərtərəfli inkişafında fəal iştirakının təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin bu il yanvarın 31-də imzaladığı Sərəncamla müxtəlif sahələrdə fərqlənən gənclərə Prezident mükafatı verilib. Bu, gənclərə göstərilən qayğının parlaq ifadəsidir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin