Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolu layihələndiriləcək, tikintisi və istismara verilməsi təmin ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramına əsasən, AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ ilə birlikdə 2025-2030-cu illərdə avtomobil yolunun istismara verilməsini təmin etməlidir.
Bundan əlavə, Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, layihənin icra müddəti 2025-2030-cu illəri əhatə edir.
Həmçinin, 20 Yanvar yol qovşağı təkmilləşdirilərək yeni bağlantılar yaradılacaq. 2025−2026-cı illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, qovşağın istifadəyə verilməsi nəzərdə tutulur.
Eləcə də 2026-cı ilə qədər Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin, 2030-cu ilə qədər Binəqədi−Novxanı avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun, Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun, Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi planlaşdırılır.
Bizim.Media