Son zamanlar Azərbaycanda elekton və biometrik imzalar geniş tətbiq olunur. Digər imzalar kimi “SİMA İmza” da əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.
Bu imzadan Azərbaycan Respublikasının vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər tərəfindən istifadə edilə bilər. “SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır.
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT! Azərbaycanda yeni kiberdələduzluq - Sizin səsinizlə valideyninizdən pul alınır
“SİMA İmza”nın tərəfdaşlarına təqdim etdiyi üstünlüklərdən biri də istənilən sistemə inteqrasiya oluna bilməsidir. SİMA mobil tətbiqi ilə dövlət və özəl qurumlara aid 1000-dən çox müxtəlif xidmətdən istifadə etmək olur.
Bəs, “SİMA İmza”nın dələduzlar tərəfindən sındırılması nə qədər realdır?
Suala Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, “Asan İmza”, “SİMA İmza” və digər elektron, həmçinin biometrik imzalar dələduzların istifadə edə biləcəyi yöntəmlər deyil:
“Dələduzlar daha çox fərdi və bank kartı məlumatlarını manipulyasiya edərək istədiklərinə nail olurlar. Bu da o deməkdir ki, elektron və biometrik imzalara heç bir kənar müdaxilə yoxdur. Amma bəzi dələduzlar heç bir İT kvalifikasiyası, İT bacarığı olmadan belə insanları təşvişə salaraq onların məlumatlarını kənar müdaxilə etmədən özlərindən əldə edirlər”.
Müsahibimiz kibercinayətkarların bir çox kompüter sistemlərinə, VEB saytlara və dövlət portallarına bütün dünyada müdaxilə edə bildiklərini deyib:
“Bu istiqamətdə Azərbaycana da hücumlar çoxdur. Amma bu günə qədər Azərbaycanda hansısa bir elektron və o cümlədən, biometrik imza olan “SİMA”-nın qırılması ilə bağlı hər hansısa fakt yoxdur. Bunlar geniş mexanizmlər, qəliz texnologiyalardır. Ona görə də onların qırılması o qədər də asan deyil. Bir daha təkrar edirəm ki, bu vaxtadək “Asan İmza” və “SİMA İmza”ilə dələduzluq hallarının baş verməsi qeydə alınmayıb”.
Surxay Atakişiyev, Bizim.Media