Vəzifə başında və vəzifədən alınandan sonra güllələnən məmurlar... - Fotolar

Hazırda oxunan: Vəzifə başında və vəzifədən alınandan sonra güllələnən məmurlar... - Fotolar

231895
1993-cü ildən bugünədək xeyli sayda vəzifə daşıyıcısına atəş açılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisinin şəhər sakini Yunis Səfərov tərəfindən güllələnməsi ölkə gündəminin əsas mövzusudur. Bu şok hadisə bir daha bir mövzunu aktuallaşdırıb: Müstəqillik əldə etdiyimiz son 27 ildə bu tipli hadisələr müxtəlif illərdə Azərbaycanda dəfələrlə baş verib.

Azərbaycanda bu tipli sui-qəsdlərin bu günə qədər hansı vəzifəli şəxslərə qarşı edildiyini incələdik.

Bu sıradan olan qanlı hadisələri təqdim edirik:

1991-ci il oktyabrın 18-də müstəqillik qazandıqdan bir ay sonra erməni quldurları tərəfindən Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında vurulan “Mİ-8" hərbi vertolyotunda Azərbaycandan yüksək vəzifə tutanlar da həlak olmuşdu.xa0

Onların adlarını təqdim edirik:

Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi;

İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror;

Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri;

Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini;

Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili;

Vəli Hüsyn oğlu Məmmədov - millət vəkili;

Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri;

Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini;

Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi.

Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi, kontr-admiral Eduard Hüseynov 1993-cü il aprelin 23-də yaşadığı binanın önündə qətlə yetirilib.

1993-cü ilin 4 iyununda Gəncədə keçmiş korpus komandiri Sürət Hüseynovun AXC hökumətinə qarşı qaldırdığı qiyam nəticəsində onlarla danışıqlara gedən hökumət nümayəndələrindən Prezident Qvardiyasının rəhbəri, 26 yaşlı Tahir Məmmədov qiyamçılar tərəfindən atılan xain atəş nəticəsində öldürülüb.

1993-cü il 16 iyunda Gəncəyə icra başçısı təyin edilən Hacı Vaqif (Vaqif Süleyman oğlu Vəliyev) təyinatından bir neçə gün sonra iş otağında güllələnərək qətlə yetirilib.

1993-cü il iyunun 15-də Göyçaya soxulan Surət Hüseynovun dəstələri rayon icra hakimiyyəti başçısının müavini İkram Zeynalovu qətlə yetiriblər.

1994-cü il sentyabrın 29-da Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov yaşadığı binanın blokunda qətlə yetirilib. Prezident Yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da eyni gündə, eyni vəziyyətdə, eyni aqibətlə üzləşib. A.Cəlilovun və S.Rəhimovun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər (“OMON”) tərəfindən qətlə yetirildiyi bildirilir.

1995-ci ildə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski bir il sonra Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.

1997-ci il fevralın 21-də o zaman deputat olan tarixçi akademik Ziya Bünyadov yaşadığı evin girişində cinayətkar qrup tərəfindən vəhşicəsinə öldürülüb.

1992-93-cü illərdə Azərbaycanın hərbi prokuroru olan Rövşən Əliyev 2002-ci il 13 martda cinayətkar Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.

Azərbaycan Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onun da Rövşən Əliyev kimi cinayətkar Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirildiyi barədə iddialar zaman-zaman səslənməkdədir.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993-2009), general-leytenant Rail Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb. Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında R.Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z.Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.(musavat.com).




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin